...

Danimarkada Azərbaycanın "Eurovision" təmsilçisi ilə görüş keçirilib (FOTO)

Mədəniyyət Materials 13 May 2013 17:26 (UTC +04:00)
Azərbaycanı "Eurovision 2013" mahnı müsabiqəsində təmsil edəcək Fərid Məmmədov Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.
Danimarkada Azərbaycanın "Eurovision" təmsilçisi ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanı "Eurovision 2013" mahnı müsabiqəsində təmsil edəcək Fərid Məmmədov Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 12-də Kopenhagendə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə keçirilmiş görüşdə azərbaycanlılarla yanaşı, Danimarkada yaşayan türklər və türkmənlər də iştirak ediblər.

Mərasimdə çıxış edən Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi qonaqlara Fərid Məmmədov haqqında geniş məlumat verib, musiqiçiyə isə vaxtının az olmasına baxmayaraq onlarla görüşə gəldiyi üçün təşəkkür edib. Daha sonra Fərid Məmmədovun klipləri və videoları görüş iştirakçılarına nümayiş etdirilib. Azərbaycanlı musiqiçi ilə görüşdə Danimarkada türk və danimarka dillərində böyük tirajla nəşr olunan "Haber" qəzetinin baş redaktoru Sedi Tekeloğlu, Türkiyənin "Hürriyyət", "Milliyyət" qəzetlərinin və Kanal D-nin əməkdaşları, eləcə də Skandinaviya Ülkü Ocaqlarının, Kopenhagen Türk Federasiyasının rəhbərləri iştirak ediblər. Fərid Məmmədovu çox isti qarşılayan Danimarkadakı türk diasporunun və mediasının təmsilçiləri onu Türkiyənin də nümayəndəsi kimi qəbul etdiklərini deyiblər.

Azərbaycanlı musiqiçi media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirib. Sonda azərbaycanlılarla yanaşı, türklər və türkmənlər Fərid Məmmədova "Eurovision 2013" mahnı yarışmasında uğurlar və finalda Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanmasını arzu ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti