...

Fransada gənc istedadlı azərbaycanlı rəssamın fərdi sərgisinin təntənəli açılışı olub

Mədəniyyət Materials 7 Sentyabr 2013 19:32 (UTC +04:00)
Fransanın Kalvodos regionunun Aşağı Normandiya departamentində, La Manş sahilində yerləşən Dovil şəhəri beynəlxalq sərgilərə və festivallara ev sahibliyi etməsi ilə məşhurdur. Ona görə də Amerika filmləri festivalı təşkilat komitəsinin və Lüsyen Barryer qrupunun təşkilatçılığı ilə gənc istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisinin bu şəhərdə keçirilməsi heç də təsadüfi deyildir.
Fransada gənc istedadlı azərbaycanlı rəssamın fərdi sərgisinin təntənəli açılışı olub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Fransanın Kalvodos regionunun Aşağı Normandiya departamentində, La Manş sahilində yerləşən Dovil şəhəri beynəlxalq sərgilərə və festivallara ev sahibliyi etməsi ilə məşhurdur. Ona görə də Amerika filmləri festivalı təşkilat komitəsinin və Lüsyen Barryer qrupunun təşkilatçılığı ilə gənc istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisinin bu şəhərdə keçirilməsi heç də təsadüfi deyildir.

Fransanın məşhur aktrisası Jülyet Binoşun himayədarlığı ilə Dovilin məşhur "Royal Barryer" və "Normandi Barryer" otellərində Məryəmin 81 rəsm əsərindən ibarət sərgi təşkil olunub və qısa bir vaxtda sakinlərin və şəhərin qonaqlarının böyük marağına səbəb olub.

"Royal Barryer" otelində sərginin açılışı ilə bağlı təntənəli mərasim keçirilib. Mərasimi açan Lüsyen Barryer qrupunun nümayəndəsi Loran Russən gənc azərbaycanlı rəssam Məryəmin rəsm əsərlərindən ibarət sərginin 39-cu Amerika kino festivalının keçirildiyi bir vaxta təsadüf etdiyini diqqətə çatdırmış, istedadlı rəssamın əsərlərinin əsas qayəsindən söhbət açıb, adlı-sanlı rəssamların onun işlərinə yüksək qiymət verdiyini qeyd edib. Bildirilib ki, Məryəmin əsərlərində ecazkar təbiətin təsviri gənc rəssamın təbiətə vurğuluğundan xəbər verir.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq Rəssamı, Fransa və İspaniya İncəsənət Akademiyasının üzvü, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti Tahir Salahov gənc rəssamın əsərləri ilə çoxdan tanış olduğunu, Məryəmin özünəməxsus təkrarolunmaz yaradıcılığının məhsulu olan rəsm əsərlərindən ibarət sərginin Fransanın Dovil şəhərində təşkil edilməsindən məmnunluq hissi keçirdiyini vurğulayıb. T.Salahov Məryəm Ələkbərlinin müxtəlif vaxtlarda İtaliyada, Rusiyada və digər ölkələrdə nümayiş etdirilən sərgilərinin tamaşaçılarda doğurduğu böyük maraqdan danışıb. O, qeyd edib ki, Məryəmin əsərlərində dünyaya özünəməxsus baxışın olduğu açıq-aydın hiss edilir. Bu baxışdan irəli gələn dünyagörüşü rəssamın yaradıcılığında ifadə olunur. Bu da onun qəlbinin aynasıdır. Bu aynadan Məryəmin yaradıcılıq iradəsi, istedadı və bacarığı görünür. Gənc rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilib və həmişə də böyük uğurlar qazanıb.

Rəssamlıq sənətində orijinal yol tutduğunu, dünyanın müxtəlif rənglərini ağ kətana köçürən istedadlı rəssamın əsərlərinin əsas qayəsini təbiət təsvirləri, qadın portretləri və natürmortlar təşkil etdiyini diqqətə çatdıran T.Salahov Məryəmin əsərlərinin gələcəkdə də müəllifinə daha böyük uğurlar qazandıracağına əminliyini bildirib.

Məryəmin sərgisindən söhbət açan Dovil şəhərinin meri Filip Ojie deyib: "Hesab edirəm ki, Məryəm Ələkbərlinin rəsmləri həqiqi bir üslubdur. Bunu mənə gördüklərim deyir. Əlbəttə, hər bir rəssamı xarakterizə edən də onun üslubudur. Həmişə deyirlər ki, bugünkü rəssamlar keçmişdə yaşamış rəssamların davamçılarıdır. Gənc rəssamın əsərlərinə bu nöqteyi-nəzərdən qiymət verir və ona yaradıcılıq uğurları arzulayıram".

Sərginin iştirakçısı Jak Kronje Məryəmin əsərlərindən aldığı təəssürat barədə AzərTAc-a verdiyi müsahibəsində deyib: "Mən bəstəboy gənc qızın yaratdığı rəsm əsərlərinə, sözün əsl mənasında, valeh oldum. Yaşının az olmasına baxmayaraq, onun bu qədər əsər yaratması, xüsusilə təbiət təsvirləri diqqətimi daha çox cəlb etdi. Özünəməxsus orijinal üslubu olan rəssamın təbiət təsvirlərində rəng seçimi onun peşəkarlığından xəbər verir. Gənc rəssamın əsərlərindən hiss olunur ki, onun öz rəsm dünyası vardır və bu dünyanı olduğu kimi dərk edərək ağ kətana köçürür. Biri-birindən tamamilə fərqli olan qadın portretləri onun bir rəssam kimi peşəkarlığından xəbər verir. Bir sözlə, Azərbaycanın bu istedadlı gənc rəssamına yeni yaradıcılıq uğurları diləyirəm".

Tədbir iştirakçılarına Məryəmin dünyanın tanınmış incəsənət xadimləri ilə görüşlərindən və yaradıcılığından bəhs edən albom paylanmış, gənc rəssamın sərgisi barədə videoçarx nümayiş etdirilib.

Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, bələdiyyə idarəsinin rəsmiləri, tanınmış aktyorlar, şəhər ictimaiyyətinin nümayəndələri, Məryəmin ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Sonda Azərbaycan incəsənət ustalarının ifasında musiqi səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti