...

Bakıda “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının bağlanış mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Dekabr 2013 15:03 (UTC +04:00)
Paytaxtdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında quraşdırılmış balaca taxta evlərdə Azərbaycanın aparıcı və dəbli “Nargis” jurnalının təşkilatçılığı ilə “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası təşkil edilmişdir.
Bakıda “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının bağlanış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Paytaxtdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında quraşdırılmış balaca taxta evlərdə Azərbaycanın aparıcı və dəbli "Nargis" jurnalının təşkilatçılığı ilə "Soyuq əllər, isti ürək" adlı Yeni il xeyriyyə yarmarkası təşkil edilmişdir.

Trend AzərTAc-a istinadən xəbər verir ki, dekabrın 20-də yarmarkanın təntənəli bağlanış mərasimi keçirilmişdir.

Məlumat verilmişdir ki, yarmarkadan əldə olunan vəsait 3 nömrəli lal-kar uşaqlar üçün internat məktəbinin hesabına köçürüləcəkdir. Sonra uşaqlar səhnəyə dəvət edilmiş və tədbir iştirakçıları dəstək əlaməti olaraq onları alqışlamışlar.

Mərasimin qonaqları lotereyada iştirak edərək "Nargis" jurnalının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr əldə etmişlər. Lotereyada üç əsas hədiyyə isə tanınmış müğənni Emin Ağalarovun konsertinə iki bilet, "Nargis" jurnalının iPhone 5s mobil telefonu və "Pasha Travel"dən Dubaydakı beşulduzlu otellərin birinə bilet oynanılmışdır.

Sözügedən hədiyyələri müvafiq olaraq səhnəyə dəvət edilən tanınmış müğənni Emin Ağalarov, "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova, həmçinin gecənin Rusiyadan olan xüsusi qonağı, www.buro247.ru kimi tanınmış dəbli saytın yaradıcısı, eləcə də bu saytın Azərbaycan versiyasının açılışı ərəfəsində paytaxtımızda olan Miroslava Duma təqdim etmiş və ürək sözlərini demişlər. Rusiyalı qonaq Azərbaycanın ən gözəl, dəbli, mədəni ölkə olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu gözəlliyi yalnız gəlib görmək lazımdır. Siz ölkənizlə fəxr etməlisiniz.

Daha sonra 3 nömrəli internatda tərbiyə alan uşaqların əl işləri hərraca çıxarılmış və satılmışdır.

Sonda atəşfəşanlıq olmuş, mərasim iştirakçıları əsl bayram əhval-ruhiyyəsi yaşamışlar.

Yarmarkaya gələn şəhər sakinləri və qonaqlar bayram ab-havasından zövq almış, Jan Atelier, Lilak, Carrousel, Ali&Nino və digər brendlərdən hədiyyələrini əldə etmiş, Yeni il qabağı əsl sürprizlə qarşılaşmışlar.

Buraya gələnləri suvenirlərin əldə olunması və ləziz yeməklərdən əlavə, Azərbaycanın tanınmış yazıçılarının avtoqraf-sessiyası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr və əlbəttə, Şaxta baba ilə Qar qız da qarşılamışlar. Qonaqlar hər gün Yeni il hitlərindən həzz almış, isti şokolad içmiş və "Nargis" jurnalının tərəfdaşları tərəfindən təşkil olunan əyləncələrə qoşulmuşlar.

"Soyuq əllər, isti ürək" adlı Yeni il xeyriyyə yarmarkasının baş sponsoru "Bank Technique"dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti