Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti aprelin 14-dən 15-dək İspaniya Krallığının Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sammitin ilk günü dünyanın turizm nazirləri və ən qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında dəyirmi masa formatında görüş keçiriləcək.
Eyni zamanda sammit çərçivəsində mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMTÜTT) dəstəyilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq. Bu məqsədlə nazir Ə.Qarayevin BMTÜTT-nin baş katibi Taleb Rifai ilə görüşü və bir sıra digər ikitərəfli görüşlər planlaşdırılır.