Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycan Mədəniyyət Həftəsi başlayıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən açılışı olan Mədəniyyət Həftəsi çərçivəsində Rio-de-Janeyronun "Cidade das Artes" incəsənət mərkəzində Azərbaycan milli mətbəx nümunələrinin, "Azərbaycan dünən, bu gün, sabah" adlı fotosərginin açılışı olub, Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam musiqisi və milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub.
Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, səfirliyin təşəbbüsü və incəsənət mərkəzinin təklifi ilə keçirilən bu tədbir iki xalqın bir-birinin mədəniyyəti və adəti ilə tanış olmasına bir vasitə olacaq. İki ölkə arasındakı əlaqələrdən danışan səfir gələcək əməkdaşlıq üçün gözəl imkanlar olduğunu da vurğulayıb.
Daha sonra Dövlət Rəqs Ansamblının üzvlərinin iştirakı ilə Ü.Hacıbəylinin musiqisi əsasında qurulmuş "Cəngi" rəqsi ifa olunub. Daha sonra muğam ifaçısı xalq artisti Mənsum İbrahimovun və Arzu Əliyevanın ifasında "Şuşanın dağları", "İrəvanda xal qalmadı" mahnıları, "Dilkeş", "Bayatı-Şiraz", "Qatar" təsnifləri, ansamblın ifasında "Qarabağ", "Naz eləmə", "İgidlər" rəqsləri ifa edilib.