Azərbaycan, Bakı, 21 may /Trend/
Mayın 22-də, saat 12:00-da Azərbaycan Dövlət Film Fondunda "Azərbaycan mətbəxi: Dadsonrası dad" sənədli filminin mətbuat nümayəndələri üçün nümayişi olacaq. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Film nazirliyin sifarişi ilə "Yaddaş" studiyasında çəkilib və İtaliyanın Milan şəhərində keçiriləcək "Planeti Qidalandırmaq, Həyat üçün Enerji" mövzusunda "Milan Ekspo 2015" Ümumdünya Sərgisinin Azərbaycan pavilyonunda filmin nümayiş etdirilməsi nəzərdə tutulub.
Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.
Bu mənada, film dünyada Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının təbliği və xarici turistlər üçün ölkəmizin cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə, operatoru Nizami Abbas, elmi məsləhətçisi Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.