...

“Sima” mükafatı təqdim ediləcək

Mədəniyyət Materials 24 İyun 2015 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ - Azərbaycan Milli Mərkəzi "Sima" mövsümi Teatr Mükafatını təsis edib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin və ayrı-ayrı ifaçıların mükafatlandırılması məqsədilə təsis olunub.

Mükafat "ən yaxşı tamaşa", "ən yaxşı rejissor işi" (böyük tamaşaları üzrə), "mövsümün seçilən aktyoru" (böyük tamaşaları üzrə), "mövsümün seçilən aktrisası" (böyük tamaşaları üzrə), "mövsümün seçilən aktrisası" (uşaq tamaşaları üzrə), "mövsümün seçilən aktyoru" (uşaq tamaşaları üzrə), "ən yaxşı rəssam işi", "şərəf və ləyaqət", "teatrın dostu" nominasiyaları olmaqla 9 adda müəyyənləşdirilib. Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdiriblər.

Mükafatın təqdimat mərasimi iyul ayının ortalarında - 87-ci teatr mövsümünün yekununa həsr olunmuş iclasda həyata keçiriləcək. Mükafatçılara xüsusi priz, diplom və pul mükafatı da təqdim ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti