...

Budapeştin Katolik Universitetində türk mədəniyyətində dinin rolu müzakirə olunur

Mədəniyyət Materials 9 Sentyabr 2015 15:14 (UTC +04:00)
Bu gün Budapeştdəki Peter Pazmani Katolik Universitetində Macarıstan Elmlər Akademiyasının Türkoloji Araşdırmalar Qrupu və Seged Universitetinin birgə təşkilatçılığı ilə "Türk mədəniyyətində dinin rolu" adlı üç günlük beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Budapeştin Katolik Universitetində türk mədəniyyətində dinin rolu müzakirə olunur

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Bu gün Budapeştdəki Peter Pazmani Katolik Universitetində Macarıstan Elmlər Akademiyasının Türkoloji Araşdırmalar Qrupu və Seged Universitetinin birgə təşkilatçılığı ilə "Türk mədəniyyətində dinin rolu" adlı üç günlük beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, konfransın işində Macarıstan, Türkiyə, Rumıniya, Rusiya Federasiyasın, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Polşa və digər ölkələrdən gəlmiş türkoloq-alimlər və tarixçilər iştirak edirlər.

Beynəlxalq konfransı giriş sözü ilə Macarıstan EA-nın həqiqi üzvü, professor Andraş Ronataş açıb. Peter Pazmani Katolik Universitetinin rektoru, professor Sabolç Suromi, Macarıstan EA və Seged Universitetinin birgə Türkoloji Araşdırmalar Qrupunun rəhbəri, professor Mariya İvaniç öz giriş sözlərində qədim türk abidələrinin dini baxımdan öyrənilməsinin türk mədəniyyətinin humanist mahiyyətinin üzə çıxarılmasında, müasir mərhələdə dini dözümlülük və tolerantlıq mühitinin formalaşdırılmasında mühüm rolu olduğunu qeyd ediblər.

Üç gün davam edəcək beynəlxalq elmi konfransda türkoloq-alimlərin 40-a yaxın məruzəsi dinləniləcək və müzakirə ediləcək.

Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakılı beynəlxalq türkoloji konfransın açılış mərasimində iştirak və çıxış edib, iştirakçılara uğur arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti