Azərbaycan, Bakı, 11 noyabr /Trend/
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün ikinci oyunu noyabrın 8-də efirə gedib. Tamaşaçılar zəkaların "Şərq döyüş növləri" mövzusunda olan mübarizələrini izləyiblər.
Trend-in məlumatına görə, müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Orxan Fətiyev, sarı yolda Qafqaz Universitetinin tələbəsi Babək İmaməlili, yaşıl yolda isə Azərbaycan Müəllimlər İnstitutunun tələbəsi Leyla Ağayeva mübarizə aparıb. Təəssüf ki, bu mübarizənin qalibi olmayıb.
Tamaşaçılar münsif Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya və Avropa çempionu, əməkdar idman ustası, biologiya elmləri namizədi Yaşar Bəşirovun mövzu barədə ətraflı məlumatları ilə tanış olublar.
Təhsilini dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran kart verilir. İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edən I, II, III kurs tələbələri müraciət edə bilər.
"Parlaq Zəka" intellekt şousunun informasiya dəstəyi Trend, Day.az və Milli.az-dır.