...

Meksikada Azərbaycan Kinosu Günləri (FOTO)

Mədəniyyət Materials 21 May 2016 12:25 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın paytaxtı Mexiko şəhərində Meksika Milli Film Arxivinin (CINETECA), Azərbaycanın Meksikadakı səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə CINETECA-da keçirilən Azərbaycan Kinosu Günlərinin açılışı olub.

Bu barədə Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Meksika tamaşaçısını qədim və zəngin keçmişə malik Azərbaycan kinosu sənayesinin qızıl, orta və müasir dövrünə aid nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan və mayın 26-dək davam edəcək kino günləri çərçivəsində ümumilikdə 7 film - "Arşın mal alan", "O olmasın bu olsun", "Yarasa", "Özgə vaxt" "Çölçü" "Nabat" və "Axınla aşağı" bədii filmləri tamaşaçılara təqdim ediləcək.

Meksika Milli Film Arxivinin (CINETECA) Proqramlama üzrə direktoru Nelson Karro Meksikada ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edərək diqqətə çatdırıb ki, Meksika kinosu böyük yol keçib və özünəməxsusluğu ilə fərqlənir.

Bu da onun dünyada populyarlaşmasının əsas səbəbidir. O, Azərbaycan filmlərinin Meksikada uğurla nümayiş olunacağına əminliyini ifadə edib.

Bütün iştirakçılara minnətdarlığını bildirən Səfirliyin müvvqəti işlər vəkili Mehriban Səmədova keçirilən kino günlərinin əhəmiyyətindən söz açaraq bildirib ki, bu hadisə iki ölkə arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir.

Həmçinin qeyd edib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən, özünəməxsus adət və ənənələri yüksək mənəviyyatı ilə diqqəti cəlb edib.

Azərbaycanın qərblə şərq arasında körpü rolu oynayan, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verən ölkə olduğunu vurğulayan xanım Səmədova müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasından və bunun xalqımızın tarixində mühüm bir hadisə olmasından bəhs edib.

M.Səmədova kinomatoqrafiyanın mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində xüsusi rola malik olduğunu vurğulayıb.

O, həmçinin bildirib ki, Meksika tamaşaçısını zəngin irsə malik Azərbaycan kinosunun müxtəlif dövrlərə aid nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan kino günləri çərçivəsində tamaşaçılara yeddi bədii film təqdim ediləcək.

M.Səmədova Mexikoda ilk dəfə Azərbaycan kinosu günlərinin keçirildiyini deyərək, göstərdiyi təşəbbüs və köməyə görə AR Mədəniyyət və Turizm Nazirliyinə, Meksika Milli Film Arxivinə öz təşəkkürünü bildirib.

Daha sonra "Arşın mal alan" filmi nümayiş olundu. Film meksikalı tamaşaçılar tərəfindən diqqətlə izlənildi və alqışlarla qarşılandı.
Filmin nümayişindən sonra qonaqlara ölkəmizin milli mətbəx nümunələrindən ibarət ziyafət verilmişdir.

Xatırladaq ki, Azərbaycan filmləri ispan dilində subtitrlə nümayiş olunur. Subtitrlər Meksika Milli Film Arxivi - CINETECA tərəfindən ispan dilinə tərcümə edilib.

Qeyd etməliyik ki, Meksika Milli Film Arxivi - CINETECA ölkədə filmlərin saxlanılması, kataloqlaşdırılması, sərgilənməsi və yayımlanması fəaliyyətini həyata keçirir.

Arxivdə 15 mindən çox müxtəlif formatlarda film saxlanılır. Qurumun nəzdində kino muzeyi və kitabxana fəaliyyət göstərir.

"CINETECA" Film Arxivlərinin Beynəlxalq Federasiyasının üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti