Bakı. Cani Babayeva – Trend:
İyulun 30-dən avqustun 5-dək Qəbələdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VIII Beynəlxalq Musiqi Festivalında çox sayda dünya şöhrətli musiqiçi və ifaçılar iştirak edir. Festivalın dəyərli qonaqları arasında məşhur litvalı opera ifaçısı Nomeda Kazlaus da var. Dünya şöhrətli opera sənərtçisi ilə görüşdə o, Azərbaycanla bağlı xoş təəssüratlarını Trend-in oxucuları ilə bölüşdü.
İlk dəfə Bakıda olduğunu deyən sənətçi bura ilə bağlı təəssüratlarının çox böyük olduğunu vurğuladı: “Bakı çox gözəl arxitekturaya malik çox parlaq şəhərdir. İlk baxışdan görünür ki, Bakı günəşli şəhərdir və arxitekturası Avropadakı kimi çox səliqəlidir”.
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən Qəbələ beynəlxaq musiqi festivalında iştirak etmək üçün təşrif buyuran qonaq festival barədə də fikirlərini bölüşüb: “Mən çox şadam ki, Qəbələdə tanınmış beynəlxalq festivalda iştirak edəcəyəm. Bilirəm ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva yalnız bu festival üçün deyil, bütün Azərbaycan mədəniyyəti üçün çox işlər görüb. Bu, beynəlxalq səviyyədə də çox hiss olunur. Çox şadam ki, Qəbələdə festivalın yekun konsertində iştirak edə biləcəyəm. Konsert Vivaopera adlanır və bu o deməkdir ki, konsertdə opera musiqisi səsləndiriləcək. Ümid edirəm ki, bu konsert ən yaxşı təəssürat olacaq. Bu il festivalda güçlü səsə malik ifaçılar, gözəl dirijorlar, məsələn, Dmitri Yablonski iştirak edir. Düşünürəm, konsert yüksək səviyyədə keçəcək. Ümid edirəm, gələn il Azərbaycanda konsertlə çıxış edəcəyəm və maraqlı konsert proqramı alınacaq. Yeri gəlmişkən deyim ki, repertuarım üçün bir Azərbaycan əsərini hazırlamaq istəyirəm. Sizin çox gözəl musiqiniz var, həmçinin çox bəyənilən bəstəkarlarınızın gözəl əsərləri var ki, onları da ifa etmək olar”.
Qəbələdə ilk dəfə olacağını deyən N.Kazlaus vurğulayıb ki, Qəbələdəki festival kimi bir tədbirin yüksək səviyyədə təşkil edilməsi üçün hər bir ölkə ildə bir dəfə bütün gücünü səfərbər etməlidir.
Gələcək planlarından danışan məşhur opera ifaçısı Bakıda solo konsertinin təşkilindən də söz açıb: “Ola bilsin, hətta iki konsert olacaq, fevralda və ya martda. Proqramın biri Litvanın müstəqilliyi günü ilə bağlı olacaq. Digər konsert proqramına isə mütləq Azərbaycan bəstəkarlarının əsərlərinin, romanslarının daxil edilməsi nəzərdə tutulur. Mən həmişə müxtəlif, rəngarəng proqram hazırlayıram. Böyük həvəslə repertuarıma Azərbaycan bəstəkarlarının əsərlərini daxil edəcəyəm. Ümumiyyətlə, mən böyük məmnuniyyətlə yenidən bura qayıdacağam”.
Müslüm Maqomayev yaradıcılığına da toxunan məşhur sənətçi Azərbaycanın güclü opera məktəbinə malik olduğunu da vurğulayaraq qeyd edib ki, Azərbaycan ifaçılarının Litvaya yaradıcılıq səfərlərinin təşkil edilməsi üçün layihələr düşünmək mümkündür.
"Hansı musiqi əsəri Azərbaycanla bağlı təəssüratları ilə həmahəngləşir" sulaına opera ifaçısı özünəməxsus şəkildə cavab verib: “Burada məndə qəribə hisslər var. Bura mənim çox xoşuma gəldi, səmimi, mehriban, qonaqpərvər sakinləri var. Bura ilə bağlı təəsuratlarım sakit, həzin bir musiqi ilə həmahəngləşir. Yəqin ona görədir ki, məni burada böyük məhəbbətlə qarşıladılar, özümü rahat hiss edirəm, işləmək, yaratmaq həvəsi ilə doluyam. Çox güman ki, sizlər hamınız özünüzü belə hiss edirsiniz, çünki çox möhtəşəm, gözəl ölkəniz var”.