...

Azərbaycan orkestrinin Almaniyada möhtəşəm çıxışı

Mədəniyyət Materials 11 Avqust 2016 16:04 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin kollektivi avqustun 1-dən 9-na kimi Almaniyada qastrol səfərində olmuş və Bavariyada keçirilən XX yubiley Qut-İmmlinq Opera sənəti festivalında iştirak edib.
Azərbaycan orkestrinin Almaniyada möhtəşəm çıxışı

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin kollektivi avqustun 1-dən 9-na kimi Almaniyada qastrol səfərində olmuş və Bavariyada keçirilən XX yubiley Qut-İmmlinq Opera sənəti festivalında iştirak edib.

Teatrdan Trend-ə verilən məlumata görə, Avropada ən mötəbər musiqi festivallarından biri olan bu tədbirdə bu il dünyanın 34 ölkəsindən dirijor, rejissor və vokalçılar iştirak edib. Festival çərçivəsində baş tutan bütün konsert və tamaşalar anşlaqla keçib, Almaniyanın KİV-də geniş işıqlandırılıb.

Ölkənin ən iri bank və şirkətləri – “Sparkasse-Bad Aibbling”, “Haro”, “Profol gruppe”, “Oberfeld”, “Weko”, “BR klassik”, “Medikal park”, “Volkswagen” avtomobil şirkəti və onlarla başqaları festivalın sponsorları sırasında olublar.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri bu festivalda artıq 9-cu dəfə çıxış edib. Orkestr avqustun 7-də dəfə festivalın Qrand-final konsertində iştirak etmək şərəfinə layiq görülüb.

Konsertdə məşhur vokalçılar – Mario Zhang, Vadim Kravets, Cefri Tarr, Cenifer Jakob, Reynhild Busmayer, Keyt Allen, Georgi Kirov, Deniz Yetim, Alin Stoika, Antonella Barnat, Əliəhməd İbrahimov, Simon Komasa və b. çıxış ediblər. Konsertin proqramına isə Avropanın bir çox məşhur bəstəkarları – C.Verdi, C.Puççini, C.Rossini, J.Bize, R.Leonkovallo, Ş.Quno, P.Maskanyi, P.Çaykovski, N.Rimski-Korsakov və b. populyar əsərləri daxil edilib.

Qala-konsertdə orkestri festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok, azərbaycanlı dirijorlar –Xalq artisti, professor Cavanşir Quliyev, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Əyyub Quliyev və Murtuza Bülbül idarə ediblər.

Konsertdə klassik dünya bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycan simfonik musiqisinin ən yaxşı nümunələri – Üz.Hacıbəyovun “Koroğlu” operasından Koroğlunun ariyası, Q.Qarayevin “Yeddi gözəl” və F.Əmirovun “Min bir gecə” baletlərindən parçalar, Niyazinin “Qaytağı”sı və Q.Qarayevin “Pavana” simfonik qravürləri, habelə P.Bülbüloğlunun “Eşq və Ölüm” baletindən parça və “Azərbaycan” əsəri səslənib.

Konsertdən sonra festivalın təşkilatçıları – Lüdviq Bauman və Korneliya fon Kerssenbrok azərbaycanlı musiqiçilərin ifasını yüksək dəyərləndirib, teatrın direktoru Akif Məlikova təşəkkürlərini bildiriblər.

Onlar həmçinin Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə bu layihəyə dəstək verdiyinə və Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə böyük diqqətinə görə minnətdarlıqlarını ifadə ediblər.

Çox önəmlidir ki, Azərbaycan orkestri yüksək professional çıxışına görə növbəti ildə artıq ardıcıl olaraq onuncu dəfə Qut-İmmlinq festivalında iştirak etmək üçün dəvət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti