...

Gəncənin tanınmış şairi vəfat edib

Mədəniyyət Materials 5 Dekabr 2016 13:08 (UTC +04:00)
Gəncədə tanınmış şair Bahadur Abdullayev vəfat edib.
Gəncənin tanınmış şairi vəfat edib

Bakı. Trend:

Gəncədə tanınmış şair Bahadur Abdullayev vəfat edib.

Bu barədə Trend-ə AYB Gəncə Bölməsindən məlumat verilib.

Abdullayev Bahadur Fərman oğlu 1939-cu ildə anadan olub. Orta təhsilini başa vurduqdan sonra bir müddət kolxozda sürücü işləyib. 3 il hərbi xidmətdə olub. 1969-cu ildə H.Zərdabi adına KDPİ-nin (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirib. B.Fərman sıravi müəllimlikdən Gəncə şəhər 12 №li və 25 №li məktəbin direktoru, Gəncə şəhər Təhsil İdarəsinin baş inspektoru vəzifəsinə qədər yüksəlib. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. B.Fərman 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. O, respublikadan kənarda keçirilən ədəbiyyat tədbirlərində Gəncə ədəbi mühitini ləyaqətlə təmsil edib. B.Fərman Gəncənin ictimai həyatında daim böyük fəallıq göstərib.

Müxtəlif illərdə B.Fərmanın “Durnalar köçür”, “Dörd cığır”, “Ömrün dolayları” “Əmanətdir ürəyim” şeir kitabları çap olunub. Bu görkəmli şairin şeirləri Rusiyada, Ukraynada, İranda, Türkiyədə və Gürcüstanda dərc olunub. 2015-ci ildə ədəbiyyat sahəsində xidmətlərinə görə Prezident təqaüdünə layiq görülüb. 5 övlad atası idi.

Allah rəhmət eləsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti