...

Bolqarıstanın BTV kanalında Azərbaycan filmlərindən bəhs edilib (VİDEO)

Mədəniyyət Materials 21 Fevral 2017 18:18 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin BTV kanalında yayımlanan “Film kimi” verilişinə müsahibə verib.
Bolqarıstanın BTV kanalında Azərbaycan filmlərindən bəhs edilib (VİDEO)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin BTV kanalında yayımlanan “Film kimi” verilişinə müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, film və mədəniyyət arasında mürəkkəb dinamik əlaqənin olduğunu deyən səfir filmin onu istehlak edən kütləvi mədəniyyətə təsir etdiyini, filmin həmin mədəniyyətin ayrılmaz tərkib hissəsi, onun məhsulu olduğunu və bu baxımdan da həmin mədəniyyətdə olan təmayül, münasibət və inancların əksi olduğunu bildirib.

Səfir qeyd edib ki, filmlər həmçinin müasir problem və hadisələri əks etdirərək istehsal olunduğu dövrün lent yazıları kimi xidmət edir. Filmlər XX və XXI əsrlərin bəzi mühüm hadisələrinin parlaq nümunələrini təqdim edir. Sosial və mədəni tarix, xüsusilə sadə insanların gündəlik həyatından bəhs edərkən qeyd etmək lazımdır ki, filmlər yalnız sübut və lent yazısı deyil, həm də geniş auditoriyaya xitabı baxımından vacib rol oynayır.

Səfir həmçinin Bolqarıstanda keçirilən MENAR Film Festivalında Azərbaycanı ilk dəfə olaraq təmsil edən “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri barədə danışıb. Mirbala Səlimlinin rejissoru olduğu “Qırmızı bağ” filminin uşaq arzusunda olan müəllim və onun həyat yoldaşından bəhs etdiyini, lakin onların bu arzusunun heç vaxt reallaşmadığını söyləyib. Dram janrında olan bu filmin insanlara sevginin yeganə qurtuluş olduğunu çatdırdığını bildirib. N.Qurbanova filmin çəkildiyi məkanların Bolqarıstanla yaxın əlaqələri olduğunu diqqətə çatdırıb. “Qırmızı bağ” filminin əksər hissəsinin Böyük Qafqaz dağlarının yamaclarında yerləşən və öz lətifələri ilə məşhur olan Şəki şəhərində çəkildiyini, bu şəhərin 2004-cü ildən etibarən Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış şəhərlər olduğunu söyləyib. Filmin qalan hissəsinin çəkildiyi Gəncə şəhərinin Azərbaycanın ikinci ən böyük şəhəri olduğunu, Gəncə ilə Bolqarıstanın Varna şəhəri arasında qardaşlaşma əlaqələrinin olduğunu bildirmişdir. Səfir əlavə edib ki, Avropa Gənclər Paytaxtı - 2016 olan Gəncə şəhəri ötən il Avropa Gənclər Paytaxtının rəmzi açarını Varnaya təhvil verib.

“Şəhər motivləri” kinoalmanaxının müasir Azərbaycan rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarət olduğunu deyən səfir filmin Bakı və onun sakinlərindən, şəhərin qaranlıq və işıqlı tərəflərindən bəhs etdiyini qeyd edib. Səfir davam edib ki, filmi izləyərkən Bakının ruhu hiss olunur, filmdə müxtəlif həyat və talelərlə yanaşı, Bakının qədimliyi və müasirliyi təsvir olunur, izləyicilərə 2000-ci ildən etibarən YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olan İçəri Şəhər, Şirvanşahlar Sarayı və Qız qalasının görüntüləri təqdim olunur. Bakının tarix və müasirliyin vəhdəti olduğundan ekran əsərində həmçinin qədim ürəyi olan müasir Bakının rəmzi sayılan və futuristik üslubda olan Alov qüllələri yer alır.

Səfir Azərbaycan filmlərinin ilk dəfə nümayiş olunduğu Sofiya MENAR Film Festivalı çərçivəsində Azərbaycan filmi gecəsinin təşkilinin Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu bildirib.

N.Qurbanova Azərbaycan film sənayesinin 120 illik tarixə malik olduğunu diqqətə çatdırıb.1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın film tarixinin yeni mərhələyə qədəm qoyduğunu, ölkədə ağır siyasi və iqtisadi vəziyyətə baxmayaraq, film istehsalının davam etdiyini vurğulayıb. Mövcudluğu dövründə Azərbaycan kinematoqrafiyasının saysız bədii, sənədli və cizgi filmləri istehsal etdiyini bildirən səfir film sənayesinin hökuməti tərəfindən dəstəkləndiyini, 2008-ci ildə “2008-2018-ci illərdə Azərbaycan kinematoqrafiyasının inkişafı haqqında Dövlət Proqramı”nın qəbul olunduğunu, Proqramın məqsədinin milli kino ənənələrinin bərpa edilməsi, ölkədə kino istehsalının dirçəldilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi olmasını əlavə edib.

Səfir ölkəmizdə film sənayesinin yaranmasının kinematoqrafiyanın kəşfi ilə eyni vaxta təsadüf etdiyini söyləyib. Belə ki, Fransada 1895-ci ildə Lümyer qardaşları tərəfindən film çəkilişi üçün yeni cihaz – kinematoqraf ixtira edildikdən az sonra 1898-ci il 2 avqust tarixində fransız iş adamı, fotoqraf və operatoru Aleksandr Mişon tərəfindən şəhər təsvirlərini əks etdirən ilk filmlər çəkilib. Səfir davam edib ki, həmin tarix - 2 avqust hər il Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.
Azərbaycan filmlərində hər zaman ictimaiyyəti maraqlandıran məsələlərin öz əksini tapdığını qeyd edən səfir Azərbaycan kinematoqrafiyasının yalnız janr baxımından deyil, eyni zamanda mövzu baxımından da zəngin və rəngarəng olduğunu vurğulayıb.
Video-müsahibəni aşağıdakı linkdən əldə etmək olar:
http://www.btv.bg/video/cinema/shows/kato-na-kino/videos/istorii-ot-azerbajdzhan.html?page=1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti