...

Əməkdar artist Beynəlxalq Musiqi Festivalında iştirak edəcək

Mədəniyyət Materials 24 Avqust 2017 20:24 (UTC +04:00)
“Şərq təranələri” Şərqin nüfuzlu musiqi Festivalında Azərbaycanı Sahib Paşazadə təmsil edəcək.
Əməkdar artist Beynəlxalq Musiqi Festivalında iştirak edəcək

Bakı. Trend:

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı Beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam - 2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə təmsil edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, “Muğam dünyası” layihəsinin daimi iştirakçısı olan tarzən yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda keçirilən bütün muğam festivallarında iştirak edən Sahib Paşazadəyə bütövlükdə konsert proqramları və başçılıq etdiyi musiqi kollektivləri ilə demək olar ki, dünyanın 40-dan artıq ölkəsində səfərlərdə olaraq milli musiqimizi tanıdaraq təbliğ edir.

Gənc tarzən Sahib Paşazadə bir çox Beynəlxalq mükafatlar sahibidir. O, “Ağcaqayın yarpağı” adlı Beynəlxalq “Qran-Pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında “Tarın Paqaninisi” tituluna layiq görülüb.

Müxtəlif beynəlxalq festivallarda qazandığı nailiyyətlər Sahibin timsalında Azərbaycan tarının dünyanı öz sehrinə saldığını bir daha təsdiqləyir.

Qeyd edək ki, “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı Şərqin qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilir və dünyanın müxtəlif ölkələrinin təmsilçiləri bu beynəlxalq tədbirdə iştirak edirlər.

1997-ci ildən keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı hər iki ildən bir təşkil olunur, Festivalın nüfuzu isə ildən-ilə artmaqdadır. İlk illərdə Festivalda 30 ölkə iştirak edirdisə, hazırda bu musiqi müsabiqəsinə maraq xeyli artmış və 2015-ci ildə dünyanın 66 ölkəsi bu böyük musiqi bayramına qoşularaq təmsil etdikləri xalqların musiqilərini ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti