Bakı. Trend:
Abşeron Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi" adlı layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədəd oğlu Səfərovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq bildirdi ki, bu layihə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş kəlbəcərlinin qısa həyat və cəsarətli döyüş yolunu öyrənmək və hər biri haqqında yazılacaq oçerklə onları cəmiyyətmizə, gənc nəslə daha yaxından tanıtmaq missiyasını üzərinə götürüb.Bildirdi ki, bu günkü tədbirimiz də bu layihə çərçivəsində Milli Qəhraman Sərdər Səfərovun xatisrəsinə həsr olunubdur.
Həbib Misirov milli qəhrəman haqqında danışaraq qeyd etdi ki, Sərdar Mədəd oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur.
Ordudan tərxis olunduqdan sonra bir müddət Bakıda Maşınqayırma zavodunda işlədikdən sonra Sərdar daxili işlər orqanlarında xidmət etmək arzusunu reallaşdırmaq üçün Tula şəhərinə yollanır. Üç il bu şəhərdə milis nəfəri kimi çalışdıqdan sonra nümunəvi xidməti nəzərə alınaraq rəhbərlik tərəfindən SSRİ Daxili İşlər Nazirliyinin Kaunas Milis Məktəbinə göndərilir. Sərdar məktəbi 1987-ci ildə başa vurduqdan sonra artıq zabit kimi yenidən Tulada xidmətini davam etdirir.
Qarabağ hadisələri başlanan gündən Sərdarın da rahatlığı pozulur. Vətənin dar günündə Sərdar uzaq Tula şəhərində özünə yer tapa bilmir. Bir neçə dəfə Azərbaycana qayıtması ilə bağlı rəhbərliyə müraciət edir. Ona Tulada qalmağı, gələcək karyerası haqqında düşünməyi məsləhət görürlər. Ancaq Sərdar özünün son qərarını verir. Nəhayət o, 1991-ci ildə Azərbaycana dönür. Onu Qusar rayon daxili işlər şöbəsinə göndərirlər. Bu şöbədə xidmətə başlayanda könüllü olaraq Qarabağa ezam olunması haqqında rəhbərliyə müraciət edir və onun döyüş yolları da beləcə başlayır. Hadisələrin qızğın dövründə, 1991-ci ilin sentyabr ayında Xankəndi yaxınlığında azğınlaşmış erməni silahlıları azərbaycanlıların sərnişin avtobusuna hücum edirlər. Hadisədən xəbər tutan Sərdar və bir neçə azərbaycanlı özlərini köməyə yetirirlər. Hücumun qarşısı alınır. Cavablarını alan ermənilər geri çəkilirlər. Sərdargil hadisə yerindən uzaqlaşarkən əlavə qüvvələrlə geri dönən ermənilər onlara hücum edirlər. Qeyri-bərabər qüvvələrin silahlı döyüşündə Sərdar öz yoldaşlarını xilas edir, ancaq özü sonuncu gülləsinədək mübarizə apararaq qəhrəmancasına həlak olur. Kəlbəcərin qəhrəman oğlu Sərdar Səfərovun döyüş yolları şəhidlik zirvəsində sona şatır. Sərdar Səfərov Kəlbəcərdə dəfn olunub. Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Həbib Misirov bildirdi ki, layihə çərçivəsində hər bir şəhid haqda oçerkdən və şəkildən ibarət kitab nəşr ediləcək, kitab kitabxanalara, məktəblərə paylanacaq və şəhid ailələrinin üzvlərinin iştirakı ilə ictimaiyyətə təqdim ediləcəkdir. Bundan əlavə layihə çərçivəsində şəhid ailələrinin bir-biri ilə və onların gənclərlə görüşləri təşkil edilcəkdir.
filologiya elmləri doktoru, türkoloq, şair Adil Cəmil çıxış edərək bildirdi ki, layihənin əsas məqsədi Kəlbəcər rayonundan olan şəhidlərin xatirəsini əbədiləşdirmək, onların həyat və döyüş yoluna işıq tutmaq, onları cəmiyyətə yaxından təqdim edərək gənclərimizin vətənpərvər ruhda böyüməsinə xidmət göstərməkdən ibarətdir və onu da qeyd etdi ki, belə kitabların nəşr olunması çox təqdirəlayiq haldır.
Kəlbəəcr ziyalısı Əlövsət Ağalarov belə tədbirlərin keçirilməsini təqdirə layiq hesab etdi. Bildirdi ki, bu günkü gənçlik vətənpərvər ruhda yetişdirilməlidir. Amma mən bir qardaşımı, xeyli qohum-əqrəbamı müharibədə şəhid vermişəm. Ordumuza da inanıram, odununu imkanları da maddi-texniki bazası da artıb. Əminəm ki, bu ordu ilə torpaqlarımızı azad edə bilərik. Amma bilmirəm, bizim yolumuzu beynəlxalq təşkilatlar kəsib, yoxsa nəsə problem var?! İqtisadi böhrana baxmayaraq xalqın inamı da böyükdür və hamı torpaqlarımızı müharibə yolu ilə azad edə biləcəyimizə inanır. Kəlbəcərlilərin də böyük əksəriyyəti bu cür düşünür.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı ictimai birliyinin layihələr departamentinin müdri Həqiqət xanım Şükürovanın senarisi əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edildi.
Tədbirdə son olaraq Milli qəhrəman Sərdar Səfərovun qızı Sərdarə Səfərova çıxış edərək atasının xatirəsinə həsr olunmuş tədbirə görə təşkilatçılara və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi və atasının timsalında bütün şəhid olan vətən övladlarımızla qürur duyduğunu söylədi. Qeyd etdi ki, bu gün şəhid və milli qəhramanların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.