...

Daşkənddə Azərbaycan xalçalarının daimi sərgi zalının açılışı olub (FOTO)

Mədəniyyət Materials 23 Oktyabr 2017 10:08 (UTC +04:00)
Daşkənddə “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi sərgi zalının açılışı olub.
Daşkənddə Azərbaycan xalçalarının daimi sərgi zalının açılışı olub (FOTO)

Bakı. Trend:

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları sərgi zalının açılışı olub.

Bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.

Öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan xalçları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini özündə əks etdirən xüsusi kompozisiya ilə tanışlıq olub. Sonra isə Azərbaycan xalçaları mövzusunda bir sıra məruzələr təqdim olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalaçaları haqqında məruzə edərək, xalq sənətlərinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş edirdiyini və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçilərin yazdıqlarını qeyd edib. O, Azərbaycan dövlətinin milli mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, zəbt olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qaldığını, 22 muzeyin, 4 rəsm qalereyasının tamamilə işğalçılar tərəfindən məhv edildiyini bildirən diplomat, maddi-mədəni irsimizin, İslam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın qədim xalça məmulatlarının işğalçıların əlinə keçdiyini qeyd edib. Samir Abbasov Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və 2010-cu ildə Azərbaycanın ənənəvi xalça sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb.

Digər çıxış edənlər Özbəkistanın Dövlət Tarix Muzeyinin direktoru professor Cənnət İsmayılova, Milli Elmlər Akademiyanın Əsaslı Kitabxanasının direktoru Zuxra Berdiyeva Azərbaycan xalqının istedadını, onun qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən və ən çətin əl işlərindən biri hesab olunan xalçaçılığın Azərbaycan xalqının vizit kartına çevrildiyini qeyd ediblər. Özbəkistanda da xalça sənətimizin alternativi olan ipək parçalar üzərində syuzannalar ilə oxşar və fərqli cəhətləri barədə məruzələr ediblər. Dünyada ilk dəfə olaraq Azərbaycanda yaradılan unikal xalça muzeyi haqqında fikirlərini bölüşüblər.

Özbəkistanda Azərbaycan xalçalarının tanıdılması və satışı ilə məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin Museyibzadə Azərbaycan xalçalarının rəngarəngliyi, özünəməxsusluğu, onu dünyaya sevdirən xüsusiyyələri barədə məruzə edib. O, təmsil etdiyi təşkilat adından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni yaradılan “Azərbaycan xalçaları” daimi sərgi zalına Qarabağ xalçasını hədiyyə edib.

Tədbirdə Azərbaycanın əsrarəngiz xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı prezentasiya və videomaterial iştirakçılara təqdim olunub. Daha sonra “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi sərgi zalının açılışı olub. Açılış lenti kəsildikdən sonra ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilib.

Qeyd edək ki, sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı Şirvan, Qarabağ, İrəvan, Dərbənt, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgilənib.

Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-ə yaxın qədim və unikal xalçalar nümayiş etdirilir və Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah sərgilənir.

Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi sərgisi qardaş ölkədə böyük marağa səbəb olub və yerli mətbuat açılışı geniş işıqlandırıb.

Tədbirin sonunda Özbəkistanın “Surxan” musiqi qrupu Azərbaycan və Özbək mahnılarını ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda keçirilən bütün tədbirlərdə xalq sənətlərinin ən geniş yayılmış növü, Azərbaycan xalqının rəmzinə çevrilmiş xalça sənətini təbliğ edir, Özbəkistanın aparıcı kitabxanalarına “Azərbaycan xalçaları” “İrəvan xalaçaları” kitabları bağışlanır, Özbəkistanın aparıcı xəbər saytlarında çoxsaylı məqalələr dərc olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti