...

Səmərqənddə "Azərbaycan mədəniyyəti həftəsi" keçirilir (FOTO)

Mədəniyyət Materials 27 Noyabr 2017 12:15 (UTC +04:00)
Özbəkistanın Səmərqənd şəhərində “Azərbaycan mədəniyyəti həftəsi”nin açılışı olub.
Səmərqənddə "Azərbaycan mədəniyyəti həftəsi" keçirilir (FOTO)

Bakı. Trend:

Özbəkistanın Səmərqənd şəhərində “Azərbaycan mədəniyyəti həftəsi”nin açılışı olub.

Azərbaycannın Özbəkistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın qədim tarixə malik, turizm mərkəzi olan Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir.

“Azərbaycan mədəniyyəti həftəsi”ində Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, Səmərqənd Dövlət Universitetinin müəllim və tələbələri, Vilayətdəki Azərbaycan Diaspora təşkilatının iştirakı ilə şəhərin müxtəlif məkanlarında xüsusi ilə böyük ausitoriyaya malik Dövlət Universitetində bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilir.

Şəhərdə təşkil olunan “Azərbaycan mədəniyyəti həftəsi”nin açılışında çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nəsirov Şərqin zəngin mədəniyyətinə, ənənələrinə malik Azərbaycanın Özbəkistanla yaxınlığı, dil, din, adət və ənənə, eyni soykökü daşıyan xalqlar arasındakı münasibətlər barədə danışıb. O, Azərbaycanla əlaqələrə xüsusi önəm verdiklərini və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Azərbaycan mədəniyyəti həftəsi”nə Şərq mədəniyyətinin dürdanəsi olan Səmərqənddə marağın böyük olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov hər il paytaxt Daşkəndlə yanaşı, Özbəkistanın regionlarında da Azərbaycan mədəniyyətinə dair çoxsaylı tədbirlərin keçirildiyini qeyd edərək təşkil olunan “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində “Azərbaycan Qafqazın mirvarisi” adlı fotosərgi, Səmərqənd Dövlət Universitetində iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair konfrans, kitab sərgisi, Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2017-ci ildə hazırlanmş və iki xalq arasında dostluğu özündə əks etdirən “Əzəli dostluq riştələri” adlı sənədli filmin təqdimatının nəzərdə tutulduğunu qeyd edib.

Çıxış edən digər natiqlər Səmərqənddə Teymurilər dövründə tikilmiş abidələrdə Azərbaycan memarlarının da böyük xidmətlərinin olduğunu, Tarixi İpək yolunun üzərində yerləşən Özbək və Azərbaycan xalqlarının yaxınlığı, ötən əsrin əvəllərində Orta Asiya, Özbək xalqlarının maariflənməsində azərbaycanlı ziyalıların rolundan danışıblar.

Daha sonra Səmərqənd Dövlət Universitetində Özbəkistanda tanınmış azərbaycanlı maarifçi, pedaqoq, naşir Seyid Rza Əlizadənin adını daşıyan Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan Mərkəzdə fəaliyyət göstərəcək kiçik kitabxanada ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ulu öndər Heydər Əliyevin irsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, xəritələr, video materiallar, habelə Azərbaycanın çoxsaylı bədii filmləri Universitet tələbələrin istifadəsinə verilib.

Fəxri qonaqlara məlumat verilib ki, yaradılan Mərkəzdə Azərbaycanın tanınmış şair və yazıçılarının, dünya şöhrətli musiqiçilərinin portretləri, habelə Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlılar, onların irsləri haqqında ayrıca guşə təşkil edilib. Azərbaycan mədəniyyətinə, ədəbiyyatında dair yaradılan xüsusi bölmədə isə milli mədəniyyətimizə dair suvenirlər, tarixi abidələrin maketləri, xalçalarımız, milli musiqi alətlərimiz nümayiş etdirilir.

Mərkəzin açılışında iştirak edən Seyid Rza Əlizadənin nəvəsi, tanınmış alim Fərhad Əlizadə hər iki dövlətin bayraqları ilə, mədəniyyətimiz, ədəbiyyatımza dair zəngin məlumatları özündə əks etdirən Mərkəzin onun babasının adını daşımasından qürur hissi duyur. O, xarici ölkələrdə yaşayan tanınmış soydaşlarımızın irsinin öyrənilməsi və təbliğinə görə Azərbaycan dövlətinə, onun Prezidenti cənab
İlham Əliyevə şəxsən öz səmimi təşəkkürünü bildirib. Bu hadisənin digər soydaşlarımız üçün də bir stimul olacağını qeyd edən alim Azərbycan Mədəniyyət Mərkəzinin fəalliyyətinə uğurlar diləyib.

Qeyd edək ki, Mərkəzdə kitabxana, sənədli və bədii filmlərin nümayiş olunacaq, görüşlər, ədəbiyyat gecələri, hər iki ölkənin elm, mədəniyyət, təhsil sahəsinə dair tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar Azərbycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan Mərkəzə ölkəmizə dair çoxsaylı kitablar, sənədli və bədii filmlər, əyani vasitələr hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti