...

Qara Qarayevin "Qoyya" baletinin premyerası olub (FOTO)

Mədəniyyət Materials 5 Fevral 2018 20:48 (UTC +04:00)
Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin "Qoyya" baletinin premyerası baş tutub.
Qara Qarayevin "Qoyya" baletinin premyerası olub (FOTO)

Bakı. Trend:

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin "Qoyya" baletinin premyerası baş tutub.

Teatrdan Trend-ə verilən məlumata görə, premyera tamaşasına hazırlıq işləri hələ teatr mövsümünün əvvəlindən başlayıb. Beynəlmiləl yaradıcı heyətin (Estoniyanın Əməkdar artisti, Estoniya Dövlət mükafatı laureatı Vasili Medvedyev, baletmeysterin assistenti Çexiyalı xoreoqraf Stanislav Feço, musiqi rəhbəri və dirijoru Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, quruluşçu rəssam - Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, dekoratorçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev) və balet truppamızın bir neçə aylıq gərgin əməyinin nəticəsi olan bu gözəl tamaşa bəstəkarın xatirəsinə ən böyük hədiyyələrdən biri olub.

Anşlaqla baş tutan tamaşa həm Qara Qarayev sənətinin, həm də Opera və Balet Teatrının yaradıcı fəaliyyətinin əsl təntənəsinə çevrilib. Çoxlu sayda dövlət, mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, bir sıra ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları və KİV nümayəndələri, nəhayət baletsevərlərin iştirakı ilə baş tutan tamaşa susmaq bilməyən alqışlarla müşayiət olunurdu. Rusiyadan olan istedadlı teatr rəssamı D.Çerbadjinin eskizləri əsasında hazırlanan rəngarəng dekorasiya və kostyumlar tamaşanı daha baxımlı edib.

Avropanın bir sıra ölkələrindəki qabaqcıl teatrlarda müxtəlif balet tamaşalarına uğurlu quruluşlar verən Vasili Medvedyevin xoreoqrafiyası əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppası solistlərinin mükəmməl çıxışlarını tamaşaçılar heyranlıqla izləyiblər.

Gənc dirijor Əyyub Quliyevin rəhbərliyi altında Teatrın simfonik orkestrinin parlaq çıxışı, istedadlı skripkaçı Rövşən Əmrahovun solo ifası, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbəri olduğu xor kollektivinin tamaşa boyu professional çıxışı da hər cür tərifə layiq idi.

Premyera tamaşasının əsl qəhrəmanları əlbəttə ki, bütün tamaşa ərzində səhnədə rəqs edən balet artistləri idi. Aparıcı solist Anar Mikayılov (Qoyya), əməkdar artistlər Nigar İbrahimova (Koetana Alba) və Makar Ferştandt (İnkvizitor), balet artistlərinin Almaniyada keçirilən beynəlxalq müsabiqəsinin bürünc mükafatçısı Ayan Eyvazova (Kraliça) və truppanın digər artistlərinin qüsursuz çıxışları ən tələbkar tamaşaçılar və tamaşanı izləyən balet mütəxəssisləri tərəfindən razılıqla qarşılanıb.

Beləliklə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının böyük sənətkarın xatirəsinə həsr etdiyi tamaşa çox böyük uğurla baş tutub. Martın 3-də "Qoyya"nın ikinci tamaşası keçiriləcək. Premyerada iştirak edə bilməyən bütün baletsevərləri növbəti tamaşaya dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti