...

Xalq artisti Həqiqət Rzayevaya həsr olunmuş gecə keçiriləcək

Mədəniyyət Materials 30 Mart 2018 20:54 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin yeni “Unudulmayanlar” adlı layihəsi çərçivəsində Xalq artisti Həqiqət Rzayevaya həsr olunmuş gecə keçiriləcək.
Xalq artisti Həqiqət Rzayevaya həsr olunmuş gecə keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi «Unudulmayanlar» adlı yeni iri-miqyaslı layihə təqdim edir.

Trend-in məlumatına görə, layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin – bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

Layihənin açılışı 5 mart 2018-ci il tarixində baş tutdu və Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, məhşur alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhramanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunub.

Aprelin 6-da layihə çərçivəsində görkəmli xanəndə, Azərbaycanın xalq artisti Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş gecə keçiriləcək. Həqiqət Rzayeva Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir. O, Azərbaycan vokal ifaçılığı tarixində özünəməxsus yeri olan sənatkardır. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev) rolunun ilk qadın ifaçısıdır. Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" - Üzeyir Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır. Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb. Muğamlarımızın və xalq mahnılarımızın mahir ifaçısı olub,uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub, mugamdan dərs deyib.

“Unudulmayanlar” layihəsi çərçivəsində keçiriləcək gələcək tədbirlərin tarixləri: 14 may – Azərbaycan vokal ifaçılığının banisi, opera müğənnisi Bülbülə həsr edilmiş gecə; 12 iyun – müğənni-xanəndə, Azərbaycan xalq artisti Sara Qədimovaya həsr edilmiş gecə.

Layihəyə informasiya dəstəyi Azərbaycan «Mədəniyyət» kanalı, Azərbaycan Radiosu, AzərTac, «Baku» jurnalı və həmçinin Trend.az, Day.Аz, Milli.Аz tərəfindən göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti