Bakı. Trend:
Bolqarıstanın Varna şəhərinin İncəsənət Qalereyasında Azərbaycan səfirliyinin təşəbbüsü və Varna Şəhər Bələdiyyəsinin dəstəyi ilə “Bakı – qədimlik və müasirliyin harmoniyası” və “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı fotosərgilər təşkil olunub.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Varna şəhərinin merinin müavini Kosta Bazitov, meriyanın əməkdaşları, Qalereyanın rəhbərliyi, Varna şəhərinin mədəniyyət, incəsənət və media nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.
Sərginin açılışında çıxış edən səfir Nərgiz Qurbanova bu sərgilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncə ilə qardaşlaşmış Varna şəhərində açılmasının rəmzi məna daşıdığını bildirib və ötən il şəhərin Gəncədən ”Avropa Gənclər Paytaxtı”nın açarlarını aldığını əlavə edib.
O, “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı sərginin qədim tarix və zəngin mədəniyyətə malik paytaxtımızın cazibədarlığını görməyə imkan yaratdığını söyləyib. Səfir Bakının özünəməxsus obrazının ötən əsrin əvvəlində “neft bumu” dövründə Avropa və Şərq mədəniyyətlərinin birləşdirən unikal sintezin irsi olduğunu söyləyib.
Diplomat Bakı küçələrində insanın özünü ecazkar bir dövrdə xəyal etdiyini vurğulayıb və həmin dövrdə tikilmiş əsrarəngiz saraylar və iqamətgahların hələ də öz gözəllikləri ilə bir-biri ilə rəqabət apardığını qeyd edib.
N.Qurbanova dünyanın dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxtı olan Bakının valehedici abidələri barədə məlumat verərək Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə danışıb. O, 12-ci əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan muzey binasının 1918-1920-ci illərdə cari ildə 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman və türk dünyasında ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri tərəfindən istifadə olunduğunu xatırladıb.
Daha sonra qonaqlara Bakının digər tarixi və görməli yerləri olan Dənizkənarı Milli Park, İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalasını tanıdıb. O, Bakı bulvarının ev sahibliyi etdiyi Azərbaycan Xalça Muzeyindən, orta əsr Bakısının ətri duyulan İçərişəhər, 15-ci əsr memarlığının parlaq nümunələrindən olan Şirvanşahlar sarayı, Bakının ən çox sevilən rəmzlərindən hesab olunan Qız Qalasından və bu abidələrin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən bəhs edib.
N.Qurbanova sərginin həmçinin zəngin xristian irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini nümayiş etdirdiyinə diqqət çəkib. E.ə. 4-cü əsrdən eramızın 8-ci əsrinə qədər müasir Azərbaycan ərazisində mövcud olan Qafqaz Albaniyası barədə məlumat verən səfir burada xristianlığın eramızın 1-ci əsrindən etibarən yayılmağa başladığını, bu prosesin Kiş kəndinə gələrək burada kilsənin əsasını qoyan apostol Yeliseyin adı ilə bağlı olduğunu, eramızın 4-cü əsrində alban çarı Urnayrın dövründə xristianlığın dövlət dininə çevrildiyini vurğulayıb.
Varna şəhərinin merinin müavini K.Bazitov çıxış edərək Varna şəhərinin Azərbaycanla bağlı belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, bu kimi tədbirlərin iki xalq arasında mədəni əlaqələrin daha güclənməsinə təkan verəcəyini bildirib. Gəncə ilə Varna şəhərləri arasında qardaşlaşma əlaqələrinin əlaqələrinin mövcudluğuna toxunan K.Bazitov bu kimi tədbirlərin şəhərlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib.
Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. "Focus" və “Черно Море” xəbər agentliklərinin, "Focus" və "Dariknews" radiolarının internet səhifələrində, www.dnesplus.bg xəbər saytında tədbirlə bağlı məqalələr yerləşdirilib.
Qeyd edək ki, Bolqarıstanın dəniz paytaxtı olan Varna şəhərində, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və Azərbaycan kino tarixinin 120 illik yubileyləri ilə əlaqədar Beynəlxalq film festivalı çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.
Festival yalnız Varna şəhərinin deyil, eləcə də dünya film sənayesinin həyatında mühüm incəsənət tədbirlərindən hesab olunur. 1993-cü ildən etibarən təşkil olunan festival hər il Varna şəhərində keçirilir. Hər il təqribən 20.000 izləyici qəbul edən Festival çərçivəsində həmçinin seminar, təlim, müzakirə və görüşlər təşkil olunur.
Gecədə yuxarıda qeyd olunan yubileylərlə yaxından əlaqəli olan “Əli və Nino” filmi barədə məlumat verilərək filmin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi fonunda iki gəncin məhəbbət hekayəsindən bəhs edildiyini, bir tərəfdən filmdə müsəlman Azərbaycan gənci ilə xristian gürcü qızı arasında məhəbbətin təsvir olunduğu, digər tərəfdən, Azərbaycanda AXC-in yaranmasından öncə və sonra cərəyan edən siyasi proseslərin əks olunduğu bildirilib. Filmdəki hadisələrin Tbilisi, Tehran, Dağıstan, eləcə də Bakıda İçərişəhər, Gəncə və Dağlıq Qarabağda Azərbaycanın mədəni mərkəzi olan və hazırda Ermənistan tərəfindən işğal altında olan Şuşada cərəyan etdiyi barədə məlumat verilib.
Filmin, həmçinin Azərbaycanın qədim dinlərarası tolerantlıq və multikulturalizm ənənələri ilə bağlı olduğu diqqətə çatdırılıb və AXC hökumətinin çoxsaylı millətlərdən formalaşdığını xüsusilə vurğulanıb.
Sonra film nümayiş olunub və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.