Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakultəsi tələbələrinin iştirakı ilə Əbdülrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında qoyulmuş “Qara oyun” tamaşası uğurla keçib.
Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində həyata keçirilib.
Tamaşanın məqsədi Əbdülrəhim bəy Haqverdiyevin yaradıcılığının gənc nəsilə müasir reallıq şəkilində, yeni formatda çatdırılmasıdır. Tamaşanın quruluşçu rejissoru - Xalq artisti Məmməd Səfadır.
Tamaşada obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri,əsərin məzmununa uyğun qurulan dekorasiyalar tamaşaçıları heyran edib və alqışlarla qiymətləndirilib.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli, klassik və etnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Noyabrın 19-da saat 19:00-da isə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı ilə birgə Əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçiriləcək.