...

Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib (FOTO)

Mədəniyyət Materials 8 Fevral 2020 23:43 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib
Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib.

Tədbir Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə keçirilib.

Yubiley tədbiri Ağaxan Abdullayevin Azərbaycan televiziyasının “Qızıl Fondunda” qorunan “Seygah” muğamının videonümayişi ilə başlandı.

Xalq artisti Mənsum İbrahimov çıxış edərək Ağaxan Abdullayevin ifaçılıq sənətinə töhfələrindən danışdı. Bildirdi ki, Ağaxan Abdullayev Azərbaycan muğam sənətinin sütunlarından biri idi. Muğam sənətimizin inkişafında, neçə-neçə tanınan muğam ifaçılarının yetişməsində Ağaxan Abdullayevin rolu danılmazdır. Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib. O, Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edib. Sənətkarın fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar artist” və “Xalq artisti” fəxri adlarına, habelə “Simurq”, “Humay” və Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.

Mərasimdə Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev, Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd çıxış edərək Ağaxan Abdullayevin sənəti və şəxsiyyəti ilə bağlı xatirələrini bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib. Gecədə “Buta” instrumental ansamblının müşayiətilə çıxış edən Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Teyyub Aslanov, Mələkxanım Əyyubova, Simarə İmanova, Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Elnarə Abdullayeva və Məmməd Nəcəfovun ifaları təqdim edildi.

Tədbirin sonunda Xalq artistinin oğlu Xoşbəxt Abdullayev ailəsi adından gecəni təşkil edənlərə Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, “Mədəniyyət” kanalına və iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, BMM mütəmadi olaraq Azərbaycan muğam sənətində iz qoyan görkəmli xanəndələrin və ifaçıların irsinin təbliği məqsədilə gecələr təşkil edir. Mərkəzin “Unudulmayanlar”, “Qəzəllər” layihəsi çərçivəsində muğam tariximiz, bu sahədə xidmətləri olan şəxsiyyətlərin yaradıcılığı haqqında ictimaiyyətə geniş məlumatlar təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti