Bakı. Fərid Zöhrabov - Trend:
"Disney", "Warner Bros" və "Sony" şirkətləri filmlərinin Rusiyada yayımını dayandırıb. Şirkətlərin bu qərarı verməsinə səbəb hazırda yaşanan Rusiya-Ukrayna müharibəsidir.
Bildiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar filmləri əsasən bu kino şirkətlərinin Moskvada yerləşən ofislərindən alırdılar. "Bəs, kinoteatrlar filmləri haradan alacaq?" sualı ilə bağlı kinoteatrlardan cavab almağa çalışdıq.
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova Trend-ə bildirdi ki, bu vaxta qədər ofis Rusiyada yerləşdiyindən filmləri ordan alırdılar: "Bu ofislər Rusiyada fəaliyyətini dayandırdığı üçün birbaşa həmin şirkətlərlə də danışıqlar aparılır. Bundan əvvəl də birbaşa əlaqələrimiz olub. Belə də ola bilər ki, həmin şirkətlər ofisi başqa ölkəyə köçürsün və desinlər ki, filmləri oradan alın".
"ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev isə qeyd etdi ki, bu hadisə kinoteatra təsir etməyəcək.
"Belə ki, biz bəzi filmləri Rusiyadan yox, Türkiyədən alacağıq. Düşünürəm ki, heç bir problem olmayacaq. Repertuarımız Hollivud filmlərilə dolu olacaq", - deyə R. Fətəliyev qeyd edib.
Twitter:@FaridZohrabov