Bakı. Trend:
Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan dekorativ sənət nümunəsi qurama ölkəmizin hüdudlarından kənar, beynəlxalq səviyyədə təqdim olunub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə
verilən məlumata görə,
bu dəfə beynəlxalq səviyyədə qeyri-maddi mədəni irsin mühüm
hissəsindən biri olan qurama sənətinin müxtəlif nümunələrdə şifahi
nümayişi və təqdimatı olub.
Belə ki, 22-28 avqust 2022-ci il tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı konfransında ölkəmizi təmsil edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Qurama - Azərbaycan Xalq Tətbiqi Sənəti” adlı məruzə ilə çıxış edib.
İştirakçıların xüsusi marağına səbəb olan məruzədə son dövrlərdə unudulmaq təhlükəsi yaşayan qurama sənətinə yeni həyatın verilməsi, dünyada tanıdılması məqsədi ilə həyata keçirilən layihələrdən, o cümlədən “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda yaradılan Qurama Mərkəzindən, bu il respublikamızda ilk dəfə keçirilən Milli Qurama Festivalından bəhs edilib.