Bakı. Trend:
2022-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağlanmış 3, "Salnamə" studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb, həmin müqavilələr üzrə 304,7 min manat vəsait ödənilib.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Mədəniyyət Nazirliyi və Kino Agentliyində aparılmış auditə dair məlumatında qeyd olunub.
"Cari auditlə keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələrin bir çox hallarda bağlanılmadığı, növbəti illərdə isə yenidən analoji müsabiqələrin keçirildiyi müəyyən olunub, 2015-2020-ci illərdə 282,5 min manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməyib.
2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunub, 2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanılmayıb və layihələrin icrası təmin olunmamış, vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olub.
Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilib, 2 dövlət studiyasına 922,1 manat, digər studiyalar üzrə 6 filmə 3,5 mln. manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilib.
Seçilmiş ssenarilər üzrə çəkilməsinə qərar verilmiş bəzi filmlər müxtəlif səbəblərdən konservasiya edilib ki, bu da maliyyələşdirilmiş hissə üzrə vəsaitin səmərəsiz xərclənməsinə yol açıb. Bu halların bəziləri üzrə, ümumiyyətlə, filmin istehsalının başlanılması barədə müvafiq əmr verilməyib, həmçinin, film istehsalı işlərinin müvəqqəti dayandırılması və ya xitam verilməsi müvafiq əmrlə rəsmiləşdirilməyib.
2022-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağlanmış 3, "Salnamə" studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb, həmin müqavilələr üzrə 304,7 min manat vəsait ödənilib.
Əvvəlki auditdə olduğu kimi, bu auditlə də bir sıra hallarda bağlanılmış müqavilələrin icra müddəti bitdikdən sonra, filmin başa çatdırılmaması səbəbindən bir sıra hallarda əlavələr edilməklə müqavilənin icra müddətinin uzadıldığı, bəzi hallarda belə uzadılmaya rəğmən istehsalın başa çatdırılmadığı, auditin əhatə etdiyi dövrdə bu halların 3,0 mln. manata yaxın vəsaiti əhatə etdiyi müəyyən olunub.
Ümumiyyətlə, həm ötən, həm də cari auditin nəticələrinə əsaslanaraq filmlərin dövlət kinostudiyalarında istehsalının təmin edilməsində əsas məqsədin həmin kinostudiyaların saxlanılma məqsədi daşıdığını, filmlərin dəyərinin bu məqsəd üzrə müəyyənləşdirildiyini qeyd etmək olar", - deyə hesabatda qeyd olunub.