Bakı. Trend:
Bakı Media Mərkəzinin istehsal etdiyi, rejissoru Fuad Quliyev olan “AZAL təhlükəsizlik qaydaları videosu” turizm filmi Kann Korporativ Media və TV Mükafatlarının (Cannes Corporate Media and TV Awards) final mərhələsində qalib olub. Film “Turizm xidmətləri” üzrə kateqoriyanın əsas mükafatını - “Qızıl Delfin” (Golden Dolphin Award) mükafatını əldə edib.
Trend xəbər verir ki, Kann Korporativ Media və TV Mükafatları dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 46 ölkədən çoxlu sayda audiovizual əsərlər təqdim olunub.
Azərbaycan Hava Yollarının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “AZAL təhlükəsizlik qaydaları videosu” şirkətin uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik uçuş təlimatları Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda göstərilir.
Film il ərzində Yapon Dünya Turizm Filmləri Festivalında və SILKFEST festivalında “Gümüş”, Nyu York, Terres Travel Festivalında və ABŞ Beynəlxalq Mükafatlarında “Qızıl” mükafat qazanıb.
Qeyd edək ki, Bakı Media Mərkəzinin təcrübəli mütəxəssisi Fuad Quliyev çoxsaylı turizm və reklam filmlərinin rejissorudur. Onun turizm videoları müxtəlif beynəlxalq festivalların mükafatlarına layiq görülüb. Rejissorun “Qarabağ FK. 30 mövsüm səfərdə” sənədli filmi də bu il uğurla tamaşaçılara təqdim edilib.
Video ilə qeyd olunan linkdə tanış ola bilərsiniz: