...

Qazaxıstanlı ekspert: Azərbaycanda seçkilər sakit, pozuntular olmadan keçəcək

Seçki 2015 Materials 27 Oktyabr 2015 16:04 (UTC +04:00)
Azərbaycan inkişaf edən, dünyəvi, hüquqi və demokratik dövlətdir.
Qazaxıstanlı ekspert: Azərbaycanda seçkilər sakit, pozuntular olmadan keçəcək

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan inkişaf edən, dünyəvi, hüquqi və demokratik dövlətdir. Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytına müsahibəsində tanınmış qazaxıstanlı siyasi şərhçi, postsovet məkanında münaqişələr üzrə ekspert Daniyar Qasımov deyib.

Parlament seçkiləri ərəfəsində Qərbin Azərbaycana qarşı təzyiqi məsələsinə toxunan ekspert bildirib ki, bu, olduqca anlaşılandır: "Hələ cəmi bir neçə il öncə Qərbin müəyyən dairələri "ərəb baharı"nın Azərbaycanda da baş verəcəyinə inanırdılar. Amma belə bir hadisə baş vermədi. İnqilab hakimiyyətin sadə xalqın istəklərini nəzərə almadığı ölkələrdə baş verir. Azərbaycan barədə bunu demək olmaz. Düşünürəm ki, Azərbaycanda inqilabın baş verməsi üçün ilkin şərtlər mövcud deyil. Bu gün Azərbaycan inkişaf edən, dünyəvi, hüquqi, demokratik dövlətdir. Ötən illər olduğu kimi, çox güman ki, enerji ehtiyatları ilə zəngin Azərbaycanla danışıqlarda nə isə "sövdələşmək" niyyəti ilə Qərb bu ölkəyə təzyiq göstərir. Həmçinin Bakı ilə Moskvanın yaxınlaşmasını da nəzərdən qaçırmaq olmaz. Əlbəttə ki, bu, Qərbin heç də ürəyincə deyil".

O, qeyd edib ki, keçmiş sovet ölkələrində demokratiyanın inkişafını diqqətlə izləyən bütün Qərb təşkilatları tez-tez reallıqla uzlaşmayan müxtəlif tövsiyələr verməyi, vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı ən xırda faktları taparaq cəmiyyətdə etiraz əhvali-ruhiyyəsi yaratmağı xoşlayırlar: "Bir vaxtlar SSRİ-nin tərkibində olan dövlətlərin əksəriyyəti artıq 20 ildən çoxdur ki, xüsusilə seçki prosesində bununla üzləşirlər. Əgər əcnəbi müşahidəçi yararlı tövsiyə verirsə, əlbəttə, onu dinləmək lazımdır. Əgər onlar həmişə olduğu kimi yenə də başqasının "gözündə tük axtarırlarsa", onların məqsədlərini anlamaq o qədər də çətin deyil".

D.Qasımov deyib ki, tanıdığı bütün siyasətçilər Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı eyni proqnozu verirlər: "Milli Məclisdəki yerlərin əksəriyyətini Yeni Azərbaycan Partiyasının nümayəndələri tutacaqlar. Bu, qanunauyğundur. 20 il ərzində bu partiya özünü ən mühüm tapşırıqların öhdəsindən gələn, sadə insanların maraqlarını nəzərə alan, ölkənin və xalqın taleyi üçün məsuliyyəti öz üzərinə götürə bilən siyasi qüvvə kimi sübut edib. 1990-cı illərdə dominant partiyaların yarandığı keçmiş sovet ölkələri bu gün inamlı inkişaf nümayiş etdirirlər. Qardaş Azərbaycan da istisna deyil. Bu gün biz ölkənizdə Milli Məclisə seçkilərin lazımi səviyyədə keçirildiyini görürük. Seçkiyə hazırlıq hələ avqustun əvvəlində MSK namizədləri vaxtından qabaq təşviqat aparmamaq barədə xəbərdar edərkən başlanmışdı. Seçkilərin sakit, pozuntular olmadan keçəcəyini düşünürəm. KİV-lərdə dərc olunan informasiyalara görə, Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarını həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Məndə olan məlumata görə, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Azərbaycana 10-15 müşahidəçi göndərəcək. Onlar təkcə Bakıda deyil, regionlarda da seçkiləri müşahidə edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti