Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti (Duodecim Medical Publications Ltd.) arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların (EBMG – Evidence-Based Medicine Guidelines) Azərbaycanda tərcüməsi, lokallaşdırılması və onlayn yayılması ilə bağlı müqavilə imzalanıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, nəzərdə tutulan işin icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilib. Beləliklə, ingilis dilində 1000-ə yaxın beynəlxalq klinik protokol azərbaycanlı həkimlərin istifadəsi üçün tezliklə mümkün olacaq və onlar tədricən Azərbaycan dilinə tərcümə ediləcək.
İlk növbədə, daha çox rast gəlinən xəstəlik və vəziyyətlər barədə protokollar tərcümə edilərək nəşr olunacaq. Nəticədə Azərbaycanın tibb işçiləri Avropa səhiyyəsindəki ən yaxşı standartları öz fəaliyyətlərində tətbiq etmək, vətəndaşlar isə öz növbəsində, hansı xəstəxanada və ya hansı həkim tərəfindən tibbi yardım alacağından asılı olmayaraq, yüksək səviyyədə tibbi yardım almaq imkanı qazanacaqlar.
Qeyd edək ki, dünyanın tanınmış tibb mütəxəssisləri tərəfindən yaradılan və tibbi sübutlara əsaslanan bu informasiya resursundan Avropa və keçmiş SSRİ-nin 10-dan çox ölkəsinin həkimləri istifadə edirlər və artıq onların sırasına azərbaycanlı həkimlər də qoşulurlar.