...

Şaxta baba və Qar qız Bakı Metropolitenində olacaqlar, çünki...

Gündəm Materials 26 Dekabr 2018 11:06 (UTC +04:00)
Bakı Metropoliteni hər il olduğu kimi bu il də metro stansiyalarında azyaşlı sərnişinləri sevindirəcək.
Şaxta baba və Qar qız Bakı Metropolitenində olacaqlar, çünki...

Bakı. Samir Əli - Trend:

Hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə xüsusi layihələr təqdim edəcək.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib.

"Bakı Metropoliteni"nin 50 illik yubiley tədbirlərində olduğu kimi, retro vaqonları bu dəfə də xəttə buraxılacaq. Yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q” tipli 2 retro vaqonların qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar ayının 2-dək günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq.

Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçik yaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün - dekabr ayının 29-dan 31-nə qədər metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.

Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert proqramı təşkil ediləcək. Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti