Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda məhkəmə isdtintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 8 il azadlıqdan məhrum edilməsini tələb edib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 13-də davam edəcək.
İttihama görə, ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.
Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.