...

Yanacağın qiyməti dəyişdi - Ekspertlərin proqnozları nə deyir?

Gündəm Materials 6 Yanvar 2021 10:47 (UTC +04:00)
Yanacağın qiyməti dəyişdi - Ekspertlərin proqnozları nə deyir?

Bakı. Asif Mehman - Trend

Xəbər verdiyimiz kimi Tarif Şurası yanvarın 5-dən Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Bəs yanacaq qiymətindəki bu dəyişiklikdən sonra hansı proqnozlar gözlənilir?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, Əhalinin böyük əksəriyyəti yanacaq qiymətinin dəyişməsini hiss etməyəcək, qiymət dəyişməsi prosesi bütün dünyada baş verir: “2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq neft və neft məhsullarının qiymətində azalma müşahidə olunsa da ilin sonuna doğru bu tendensiya müsbətə doğru dəyişməkdədir və çox güman ki, koronavirusa qarşı peyvəndin geniş şəkildə istifadə olunmasından sonra bütün dünyada iqtisadi aktivlik yüksələcək, o cümlədən, neft və neft məhsullarına olan tələbat da artacaq.

Neft və neft məhsullarının qiymətinin artımını biz bir çox ölkələrdə müşahidə etdik, o cümlədən, qonşu ölkələrdə, həmçinin Avropa ölkələrində. Onu da qeyd edim ki, Azərbaycan region ölkələrı arasında neft və neft məhsullarının ən ucuz satıldığı ölkədir və benzinin, dizel yanacağının qiyməti də bizdə ən aşağı səviyyədədir. Son dəyişiklikdən sonra yenə də bu aşağı qiymət səviyyəsi qorunub-saxlanacaq".

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında qeyd edir ki,, dövlət yanacağın qiymətinin dəyişməsi ilə paralel ölkədə kəskin qiymət artımının baş verməməsi üçün qabaqlayıcı tətbirlər görür:

"Əhalinin az təminatlı təbəqəsinin alacağı müavinətlər, pensiyalar və təqaüdlər artırılıb. Yəni, dövlət yanacağın qiymətinin artırması ilə yanaşı əhalinin sosial müdafiəsi tədbirlərini də gücləndirir. Həm də qeyd etməliyəm ki, 2020-ci ildə bu kateqoriyaya aid insanların müavinətlərinin artırılması ilə bağlı addımlar atılıb. Məsələn, şəhid ailələrinə verilən aylıq müavinət 300-dən 500 manata, Milli Qhrəmanlara verilən Prezident təqaüdü 1500-dən 1800 manata çatdırılıb. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb və bu istiqamətdə görülən işlərin siyahısını daha da genişləndirmək olar. Yanacağın qiymətinin artımı düşünürəm ki, ailələrə çox təsir etməyəcək. Bu artımdan dövlət büdcəsinə gələcək gəlirlər yenidən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə belə hesab edir ki, Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması 2021-ci ilin sonunadək ölkədə yanacaq bazarının dövriyyəsini 300 milyon manatadək artıra bilər:

"Qiymətlərin artması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlaradək çatdırılması, ekoloji mühitin yaxşılaşmasına təsiri, neft emalı sənayesinin rekonstruksiyası və modernləşməsi işlərinin davam etməsi ilə əsaslandırılıb".

Avro-5 standartına keçid nə verəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov isə qeyd edir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur:

“Bu gün Azərbaycanda ən çox istifadə olunan yanacaq növü benzin və dizeldir. Dünyanın bir çox ölkələrində, xüsusən də Avropada aparılan təhlillərin nəticələri göstərir ki, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri benzinə nisbətən ətraf mühiti daha çox çirkləndirir. Dizel mühərriklərində formalaşan tüstü kəskin qoxusuna və rənginə görə də seçilir. Benzinin tərkibinə xüsusi maddələri əlavə etməklə oktan ədədini qaldırmaq və zərərli emissiyaları azaltmaq mümkün olsa da, dizeldə bu qatqılar effektiv olmur və külli miqdarda əlavə atqılarla nəticələnir.

Ümumiyyətlə, dizellə işləyən mühərriklər yanma prosesində azot oksidləri, bərk hissəciklər, kükürdlü birləşmələr, karbohidrogenlər və onların törəmələri, o cümlədən politsiklik karbohidrogenlər və digər məhsullar formalaşdırır. Formalaşan bu tullantılar nəinki atmosferə, ətraf mühitin bütün digər komponentlərinə zərərli təsir edir. Gözlə görünməyən bərk hissəciklərin isə tərkibində kanserogen maddələr olduğu üçün insan sağlamlığına mənfi təsiri xüsusi qeyd edilməlidir.

Yaxın zamanlarda Avro-5 standartlarına uyğun dizel yanacağının və Aİ-92 benzininin əldə olunmasına nail olacağıq"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib ki, ölkənin atmosfer havasına avtonəqliyyatdan atılan çirkləndiricilərin miqdarı 1993-cü illə müqayisədə iki dəfəyədək artıb:

"Avtonəqliyyatdan istifadə zamanı 1 ton benzin yandıqda havaya azot-4 oksid 20 kq, kükürd qazı 1.6 kq, karbohidrogenlər 34 kq, bərk hissəciklər (his, qurum) 2 kq, aldehidlər (üzvü turşular) 1.4 kq atılırsa,1 ton dizel yandıqda isə havaya azot-4 oksid 33 kq, kükürd qazı 6 kq, karbohidrogenlər 20 kq, bərk hissəciklər 16 kq, aldehidlər 6 kq atılır".

Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən “Baku Bus” şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir. Belə ki, bu yanacağın yandırılması zamanı atmosfer havası digər yanacaq növləri ilə müqayisədə daha az çirklənir.

Bəs qiymət dəyişikliyi maşın bazarına necə təsir edəcək?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə belə hesab edir ki, Azərbaycanda Aİ 92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsinin avtomobil qiymtlərinə ciddi təsir etməyəcək: “Avtomobillərin qiymətinə əsasən müyyən qərarlar təsir göstərə bilər. Tutaq ki, idxala tətbiq olunan müəyyən məhdudiyytlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar avtomobil qiymətlərinə təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti