Bakı. Samir Əli - Trend:
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilib.
Prosesdə şahid qismində ifadə verən Arif Osmanov bildirib ki, Qənimətlər Parkının yaxınlığında gəzərkən təqsirləndirilən şəxsin saxlanıldığının şahidi olub: "Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən çantasından erməni və rus dillərində yazılar və telefon çıxdı".
Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanıb.
Qeyd olunub ki, Dubakov bir neçə dəfə Rusiyadan Ermənistana, oradan da Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib.
O, Ermənistanda olan "Voma" təşkilatına üzv olmaqla Azərbaycanın işğal edilmiş ərazisində hərbi təlimlərdə iştirak edib və təşkilatın rəhbəri Vladimr Vartanovla tanış olub. Təqsirləndirilən şəxs 2019-cu ildə təlimlərdə iştirak edib.
Məhkəmədə bildirilib ki, Rusiya Federal Xidmətinin arayışına görə, Eduard Dubakov Rusiyadan Ermənistana bir neçə dəfə səfər edib.
Təqsirləndirilən şəxsin telefonuna baxış keçirilərkən onun "Artsaxçki" adlı istifadəçi ilə yazışmaları aşkar edilib.
Bundan başqa, telefon yazışmalarında müəyyən edilib ki, Dubakov Artyom, Mirzoyan, Zararyan və digər şəxslərlə telefon əlaqəsi saxlayıb.
Daha sonra təqsirləndirilən Eduard Dubakovun istintaqa ifadəsi elan edilib.
İfadədə bildirilib ki, Eduard Dubakov 2018-ci ildə sentyabr-oktyabr ayında sosial şəbəkələrdə "Voma" təşkilatının videoçarxlarını izləyib: "Videoçarxlarda təşkilatın hərbi təlimlər keçirdiyinin şahid oldum. Təşkilat haqqında maraqlandım. Onların məqsədi Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlamaq idi. Rusiyada yaşamağıma baxmayaraq, ata tərəfindən erməni olduğumu unutmamışam. Həmin videoya baxdıqdan sonra erməni xalqına kömək etmək istədim. Ona görə də, "Voma" təşkilatı ilə əməkdaşlıq etmək qərarı verdim. İnternet üzərində təşkilata üzv oldum. Daha sonra 2018-ci ildə Ermənistana gəldim. Orada təşkilat tərəfindən təlimlərə cəlb olundum. Təşkilatda başqa ölkələrdən gələrək təlimlərdə iştirak edən şəxslər də var idi. Təlimlərdə məqsəd Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək idi. 2018-ci ildə bir neçə təlimdə iştirak etdim. Bizi Şuşaya, Xankəndiyə və digər ərazilərə apardılar. Orada döyüş olacaq ərazilərdə yerli şəraitlə tanış olduq. 2018-ci ilin sonunda Rusiyaya qayıtdım. Daha sonra 2019-cu ilin iyul ayında yenidən Ermənistana, oradan da işğal olunmuş ərazilərdə olmuşam, təlimlərdə iştirak etmişəm. 2021-ci il yanvarın 14-də Azərbaycana gəlmişəm".
Proses iyulun 14-də davam etdiriləcək.
Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.