Bakı. Trend:
2021-ci ildə 288 jurnalist koronavirusa yoluxub. 2020-ci ildə isə bu göstərici 117 olmuşdu.
Trend-in məlumatına görə, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) illik hesabatında deyilir.
Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb. COVID-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mətbuat Şurasının müraciətini nəzərə alaraq, jurnalistlər üçün növbədənkənar peyvəndləmə kampaniyasını təşkil edib. Kampaniya çərçivəsində 800-dən çox jurnalistə növbədənkənar peyvəndləmə həyata keçirilib.
Hesabatda, həmçinin qeyd edilir ki, dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, KİV-lərlə təmasları intensiv olaraq davam edib. 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2021-ci ildə də yüksələn xəttlə davam edib. Bu dönəmdə Prezident İlham Əliyevin həm milli, həm də transmilli KİV-lərlə canlı təmasları intensiv olub. Prezidentin köməkçisi Hikmət Hacıyevin, bir sıra nazirlərin, komitə və şirkət rəhbərlərinin KİV təmsilçiləri ilə vasitəsiz görüşləri xarakterik hal alıb.
Bundan başqa, "Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin edilib. Müvafiq sərəncama əsasən, Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azd edilib, Leyla Güləliyeva direktor vəzifəsinə təyin edilib.
Milli Məclis “Kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair” təkliflərin reallaşdırılması üçün Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi yönündə müzakirələrə başlayıb. Bu, çap media subyektlərinin durumuna müsbət təsir edən mühüm addımlardan biri kimi dəyərləndirilib.
"Space" TV-nin rəhbəri Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib. Müşfiq Hətəmov "Space" TV-nin rəhbəri təyin edilib.
Media sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin daha da gücləndirilməsi yönündə önəmli addımlar atılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə keçirilən görüşdə iki ölkənin media və kommunikasiya sahələri üzrə rəsmi şəxslərlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.
Türk Şurasına üzv dövlətlərin KİV nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfərlərii təşkil edilib. Bu missiyada Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Herseqovinadan olan 20-dən çox jurnalist təmsil olunub.
“Trend” İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”unun birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub.
Milli media məkanında peşəkarlığın artırılması yönündə həyata keçirilən sistemli fəaliyyət də diqqət mərkəzində olub. MEDİA Agentliyi ADA Universiteti ilə birgə media peşəkarlığı müstəvisində çoxsaylı proqramalar hazırlayaraq, icra edib. Bu sırada “Mediada islahatlara doğru” mövzusunda keçirilən seminar, “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlimlər və digər tədbirlər müsbət dəyərləndirilib.
Hesabatda o da qeyd olunur ki, Ermənistanın yaratdığı gərginlik fonunda azərbaycanlı jurnalistlərin ciddi insidentlərlə üzləşməsi halları davam edib. 2021-ci ildə bu səbəbdən Azərbaycanın 2 media işçisi- AzərTAc-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov -Kəlbəcər rayonu ərazisində minaya düşərək həyatlarını itiriblər. 22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev hər iki şəhid jurnalistin ailələrinə mənzillər hədiyyə edib.
KİV-dən sui-istifadə hallarına qarşı mübarizə tədbirləri intensivləşdirilib. 2021-ci ildə özünü jurnalist, KİV qurumu işçisi kimi tədim edərək sui-istifadə hallarına yol verən, şantaj, hədə yolu ilə vətəndaşlardan qanunsuz vəsait tələb edən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində hüquqi ölçü götürülüb. 2021-ci ildə bu hallar üzrə barələrində hüquqi ölçü götürülən “KİV” və “jurnalistlərin” sayı 18 nəfər olub.