...

Azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)

Gündəm Materials 19 May 2022 18:37 (UTC +04:00)
Azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən yollar minalardan təmizlənir, abadlaşdırılır, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi işləri həyata keçirilir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizə yeni təminat yolları çəkilir.

Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayının 1-dən 19-dək olan müddət ərzində 950 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 17200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə ümumilikdə 140 km-dən artıq yeni təminat yolu çəkilib.

Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti