Bakı. Trend:
Mayın 27-də Bakı Slavyan Universitetində (BSU) 28 May -
Müstəqillik Gününə həsr olunmuş “Tariximizin şanlı səhifəsi” adlı
tədbir keçirilib. Tədbirdə universitetin rəhbərliyi,
professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak
ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra
Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən
bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tədbiri açaraq, xalqımızın azadlıq və müstəqillik mübarizəsinin şanlı səhifəsinə yazılmış 28 May-Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edib. 104 il əvvəl olduqca gərgin, mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə müstəqil Azərbaycan dövlətinin yaradılmasından danışan rektor Anar Nağıyev bu əlamətdar tarixi hadisənin bağlı hər bir azərbaycanlının qürur yeri olduğunu bildirib. Rektor qeyd edib ki, böyük, şərəfli tarixə malik olan Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində zamanın yaratdığı çətinliklərdən şərəflə və üzüağ çıxıb. 1918-ci ildə baş verən fərqli situasiyaların paralelində Azərbaycan Respublikası tarixdə öz yerini Azərbaycan Xalq Cümhuriyyəti şəklində dünyanın və liberal düşüncənin yaratdığı yeni formatda nümayiş etdirib: “Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa tarixində həm ölkənin, həm də bu coğrafiyanın siyasi tarixi üçün yeni mərhələ yaratdı. Xalq Cümhuriyyətinin formalaşması ölkənin bütün ərazisinin təntənəsi idi. Həmin dövrdə ölkənin xaircdə təmsil olunması üçün çalışılması dövlətçilik ənənələrinin yeni dünya düzəni kontekstində qorunmasını təmin etdi” – deyə o, qeyd edib. Rektor deyib ki, geosiyasi reallıqların dəyişməsi nəticəsində baş verən fərqli proseslər zamanı da Azərbaycan öz tarixi kimliyini, milliliyini qorumağı bacardı. Cümhuriyyətin varisi olaraq müstəqil, yeni, qüdrətli Azərbaycan dövləti quruldu.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmizin
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu
keçdiyini diqqətə çatdıran rektor Anar Nağıyev bu siyasətin hazırda
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
bildirib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən
Müharibəsində qazandığı tarixi zəfərdən sonra Azərbaycanın regionda
söz sahibinə çevrilmiş, yeni geosiyasi reallıqlar yaradan lider
dövlət kimi möhkəmləndiyini vurğulayıb. Ali Baş Komandan İlham
Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərindən söz açaraq,
Prezidentin səfərləri zamanı çəkilən görüntülərə diqqət çəkib. O,
bu səfərlərin xalqımızın tarix boyu keçdiyi keşməkeşlərin sonunda
öz kimliyini, dövlətçiliyini qorumaq cəhdi, eyni zamanda,
Azərbaycan xalqının öz tarixinə və dövlətçiliyinə sədaqətinin
ifadəsi olduğunu diqqətə çatdırıb.
Gənclərin Azərbaycan dövlətinin yeni geosiyasi reallıqlar
kontekstində müzəffər ölkənin vətəndaşı olmağı düzgün qiymətləndirə
biləcəklərinə inamını ifadə edən Anar Nağıyev bu əlamətdar gün
münasibətilə tədbir iştirakçılarına öz təbriklərini çatdırıb.
Tədbirdə Jurnalistika kafedrasının müəllimi, professor Etibar Babayev çıxış edərək, bu günün tarixi əhəmiyyətini vurğulayıb, Azərbaycançılıq məfkurəsi haqqında danışıb. O, ölkəmizin müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusilə vurğulayıb. Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müasir dünyada Azərbaycanın güclənmiş mövqeyindən, hərtərəfli inkişaf strategiyası olan müstəqil xarici siyasət yürüdən ölkə kimi tanındığını bildirib.
Sonra Etibar Babayevin müəllifi olduğu “Biz Azərbaycanlıyıq ” adlı film nümayiş olunub.
Diplomatiya və xarici siyasət kafedrasının dosenti Əsgər Əhməd Xalq Cümhuriyyətinin Azərbaycan tarixində oynadığı rol və bu hadisənin tarixi əhəmiyyəti haqqında, həmin dövrün tarixi-siyasi şəraiti barədə məlumat verib. Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq, qısa müddət ərzində əldə olunan nailiyyətlər və dövlət quruculuğu prosesində həyata keçirilən tədbirlər barəsində danışıb.
Tədbirdə Humanitar və sosial elmlər fakültəsinin BM-201-ci qrupunun tələbəsi Hüseynov Eşqin “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik və milli dövlət kimi”, Magistratura şöbəsinin MA-110 qrupunun tələbəsi Rəsulzadə Nigar “28 may – Müstəqillik günüdür” mövzularında məruzə ilə çıxış ediblər. Həmçinin Filologiya fakültəsinin AM-405-ci qrupunun tələbəsi Sadəgül Baloğlanova və Tərcümə fakültəsinin 101-ci qrupunun tələbəsi Səkinəxanım Niftullayeva vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Sonda tələbələrin hazırladığı musiqili kompozisiya təqdim olunub.