Bakı. Trend:
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysun Asəf qızı Abdulzadənin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, A.Abdulzadənin meyiti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarıç qrupu tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.
Qeyd edək ki, dünən Xəzər dənizinin Kürdəxanı qəsəbəsi hissəsində 17 və 14 yaşlı iki bacı - Aysel və Aysun Abdullazadələr boğulub. Ayselin meyiti dünən dənizdən çıxarılıb.