...

Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb - Əhməd İsmayılov

Gündəm Materials 24 Noyabr 2022 11:10 (UTC +04:00)
Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb - Əhməd İsmayılov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Məsuliyyətlə deyə bilərik ki, çoxşaxəli konvergensiya prosesinin ayrılmaz elementi olan qəzet saytlarının yenidən qurulması prosesi artıq başa çatmışdır.

Trend-in məlumatına görə, bunu noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, MEDİA Agentliyi 2021-ci ilin ikinci yarısından etibarən qəzetlərə dəstəyin yeni mexanizmini tətbiq edib ki, bunun da keyfiyyət dəyişikliyinə gətirib çıxaracağını, ənənəvi mediadan yeni media müstəvisinə konvergensiya prosesini sürətləndirəcəyini əvvəlcədən hesablanmışdı.

"Dövlət dəstəyinin yeni mexanizmlərinin tətbiqi üzərindən artıq müəyyən vaxt keçib və ilkin nəticələr barədə danışa bilərik.

MEDİA Agentliyinin dəstək verdiyi 6 gündəlik, 10 həftəlik olmaqla bütün qəzetlərdə, habelə onların eyniadlı veb-saytlarında əsaslı dəyişiklik, müasirləşmə özünü göstərir. Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçmişlər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadır. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə forma və qəliblərdən imtina olunub.

Məsuliyyətlə deyə bilərik ki, çoxşaxəli konvergensiya prosesinin ayrılmaz elementi olan qəzet saytlarının yenidən qurulması prosesi artıq başa çatmışdır. MEDİA Agentliyi ümumi dəstək zərfində qəzet saytlarının inkişaf etdirilməsini öhdəlik kimi irəli sürmüş və bunun üçün birdəfəlik vəsait ayırmış, eyni zamanda aylıq dəstək göstərməyə də davam etməkdədir.

Əksər qəzetlərimizin saytları ya yenidən qurulmuş, ya da əsaslı şəkildə dəyişilmişdir. Bunun nəticəsi olaraq deyə bilərik ki, qəzet saytları onlayn media subyektlərindən geri qalmır, əksinə məzmun yaratmaq, əhəmiyyətli kontent istehsal etmək baxımından fərqlənə bilirlər", - deyə Ə.İsmayılov əlavə edib.

Xəbər lenti

Xəbər lenti