...

“Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransın açılış mərasimi keçirilib (FOTO)

Gündəm Materials 24 Noyabr 2022 11:57 (UTC +04:00)
“Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransın açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans öz işinə başlamışdır.

Trend-in DTX-nin saytına istinadən məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, DTX-nin rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasov, hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbər əməkdaşları, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının və Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin nümayəndələri iştirak etmişlər. Konfransın məqsədi Vətən müharibəsinin nəticələrinin təhlilinin və müharibədə qazanılmış hərbi təcrübənin aidiyyəti qurumlar arasında mübadiləsinin təmin olunmasıdır.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin “Şöhrət” muzeyinin qarşısında ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Ulu Öndərin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Öncə çıxış edən Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə etmiş, bu mövzuda konfransın keçirilməsinin əhəmiyyətindən danışmışdır. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxdığını, bu müharibənin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadığını, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin hərbi müəssisələrində öyrənildiyini diqqətə çatdırmışdır. General-polkovnik Ramil Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirmişdir.

Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün silahlı qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat vermişdir.

DTX-nin rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski çıxışında qeyd etmişdir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin vurğulanmışdır ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan natiq bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açmışdır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev bildirmişdir ki, həm Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili üçün digər qurumlarla birgə lazımi tədbirlər görülmüşdür.

Konfrans öz işini noyabrın 25-dək hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər aidiyyəti mövzular üzrə mühazirələr və panel müzakirələrlə davam etdirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti