...

Apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub

Gündəm Materials 15 Dekabr 2022 16:40 (UTC +04:00)

Bakı. Trend:

Qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Trend xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında bildirilib.

Ötən dövrdə 300-dən çox hakimin fəaliyyəti həmin şəffaf qaydalar əsasında qiymətləndirilib, 30 hakimin işində peşəkar çatışmazlıqlar müəyyən edilib, onlardan 10 nəfərin səlahiyyətlərinə xitam verilib.

Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu proses davamlı xarakter alıb.

1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim keçirilib. Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 83 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilib. Hazırda 250-dən çox hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələsindədir.

40 namizəd isə müsabiqəni uğurla başa vuraraq ixtisaslaşmanın aparılması üçün Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim edilib.

Hakimlərin seçimi Qaydalarına uyğun olaraq Şuranın bir neçə gün davam edən iclaslarında həmin namizədlərin hər biri ilə fərdi söhbətlər keçirilib. Onların təyinatı ilə bağlı dövlət başçısına müvafiq təkliflərin verilməsi qərara alınıb.

Bununla yanaşı məhkəmə sistemində həyata keçirilən kadr islahatlarına və hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə uyğun olaraq yüksək hazırlığı və peşəkarlığı ilə fərqlənən hakimlər ali və apellyasiya məhkəmələrinə, habelə rəhbər hakim vəzifələrinə irəli çəkilməsi üçün müəyyən edilib. İş yerinin dəyişdirilməsi ilə bağlı bəzi hakimlərin müraciətlərinə, hakim kadrlarından daha səmərəli istifadə edilməsi ilə bağlı məsələlərə baxılıb.

Eyni zamanda Şuranın iclasında qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub, digər 2 hakim barədə intizam icraatı başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti