Bakı. Trend:
Hazırda cəmiyyətin 25% - ni və qeyri-hökumət təşkilatlarında 40% - dən çoxunu təşkil edən qadınların gücləndirilməsinə yönəlmiş bir proqram var.
Trend xəbər verir ki, bunu Misir qadın işləri üzrə Milli Şuranın beynəlxalq əməkdaşlıq baş idarəsinin rəhbəri Mona Abdallah Mohamed Salem Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Qadınlar ailə institutunun yaxşılaşdırılmasında, səhiyyə sistemində, elektronlaşdırmada və rəqəmsallaşmada mühüm rol oynayırlar. Qadınları dəstəkləmək üçün xüsusi bir sıra institutlar yaradıldı. Qadın hüquqlarının pozulması ilə mübarizə onların hüquqlarının bərpası və əlavə tədbirlərin görülməsi üçün əsas vəzifədir”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.