...

Prezident İlham Əliyevin ABŞ-yə səfəri ölkəmizin diplomatik tarixində mühüm səhifə kimi düşəcək - Deputat

Gündəm Materials 8 Avqust 2025 13:38 (UTC +04:00)
Prezident İlham Əliyevin ABŞ-yə səfəri ölkəmizin diplomatik tarixində mühüm səhifə kimi düşəcək - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara səfəri ölkəmizin diplomatik tarixində mühüm səhifə kimi yadda qalacaq hadisələrdən biridir. Bu səfər təkcə iki dövlət arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi deyil, həm də qlobal siyasi müstəvidə Azərbaycanın artan rolunun bariz göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Donald Trampın prezidentliyi dövründə Azərbaycan–ABŞ münasibətləri dinamik inkişaf edib və qarşılıqlı etimad mühitinin formalaşması üçün real zəmin yaranıb.

Onun fikrincə, bu səfər illərdir davam edən əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi baxımından əlamətdar hadisədir.

Deputat xatırladıb ki, 2024-cü il 5 noyabr tarixində ABŞ-da keçirilən prezident seçkilərindən cəmi üç ay əvvəl, Şuşada təşkil olunan Qlobal Media Forumunda jurnalistlərdən birinin seçkilərlə bağlı sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və siyasi cəsarət nümayiş etdirərək, o dövrdə prezidentliyə namizəd olan Donald Tramp barədə müsbət fikirlər səsləndirib.

“Diplomatiya dili ilə desək, dövlət başçımız həmin vaxt Trampın namizədliyinə dəstək mesajı verib. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Donald Trampın prezidentliyi dövründə ABŞ-ın heç bir yeni müharibəyə başlamadığını vurğulayıb. Eyni zamanda, Trampın ailə və ənənəvi dəyərlərə xüsusi önəm verməsini yüksək qiymətləndirib”.

A.Həsənova vurğulayıb ki, Trampın prezident seçilməsindən sonra iki ölkə arasında münasibətlərdə yeni imkanlar açılıb:

“Dövlət başçıları arasında bir neçə dəfə telefon danışığı baş tutub, qarşılıqlı məktub mübadiləsi aparılıb. Bu dialoqlar, tərəflər arasında strateji mövzularda anlayış və əməkdaşlıq iradəsinin möhkəmlənməsinə xidmət edib.

ABŞ–Azərbaycan münasibətləri hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Əməkdaşlıq strateji tərəfdaşlıq istiqamətində irəliləyir. Bunu səfər çərçivəsində imzalanmış sənədlər də təsdiqləyir. Xüsusilə,

"Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" bu istiqamətdə atılmış tarixi addımdır”.

Onun sözlərinə görə, bu sənəd təkcə siyasi münasibətlərin dərinləşməsi baxımından deyil, həm də iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişlənməsi üçün möhkəm hüquqi bazanın yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Nəticə etibarilə, bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın real məzmun qazanmasına və gələcəkdə daha da möhkəmlənməsinə xidmət edir”.

Xəbər lenti

Xəbər lenti