...

Azərbaycanın paytaxtında baş vermiş partlayışla bağlı cinayət işi açılıb (Yenilənib)

Hadisə Materials 18 Avqust 2008 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir K.Zərbalıyeva, İ.Əlizadə/ Azərbaycan paytaxtı Bakı şəhərində yerləşən Əbu-Bəkir məscidində bazar günü axşam saatlarında baş vermiş partlayış zamanı 3 nəfər ölüb.

Ötən axşam naməlum şəxs məsçidin pəncərəsini daşla sındıraraq, iki ədəd RQD-1 əlqumbarasını məscidin içərisinə atıb.

Məscidin imamı Qamət Süleymanov yüngül xəsarət alıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Trend -un hadisə yerində olan əməkdaşının prokurorluq orqanlarının əməkdaşlarına istinadən verdiyi məlumata görə, ölənlərdən birinin şəxsiyyəti məlum olub. Bu, 53 yaşlı Rafiq Abbasovdur,digər iki nəfərin isə şəxsiyyəti müəyyənləşdirilir. Hadisə zamanı xəsarət alanların sayının 5 olduğu bildirilsə də, qeyri-rəsmi məlumatlara görə, yaralananların sayı 10-a yaxındır.

Bir az əvvəl hadisə yerində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov olub.

Bu gün səhər Əbu-Bəkr məsçidinin qarşısına səhər namazı üçün çox sayda adam yığışsa da, məsçidin bağlı elan olunduğu bildirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

Hadisə ilə bağlı Bakı şəhər polisi gücləndirilmiş iş rejiminə keçib. Paytaxtın ayrı-ayrı yerlərində polis postları yaradılıb və hərəkətdə olan bütün şübhəli nəqliyyat vasitələri saxlanılaraq yoxlanılır.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, işin istintaqı Bakı şəhər Prokurorluğuna tapşırılıb və faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4) və iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) maddələri ilə cinayət işi açılıb.

Hadisə ilə bağlı hələlik saxlanılan şəxs yoxdur.

Hadisənin terror aktı olub-olmadığı hələlik müəyyənləşdirilməyib.

Əbu-Bəkir məscidində əsasən vəhabi təriqətinə mənsub şəxslər ibadət edirlər. Bu il Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsciddə əməliyyat keçirmiş və nəticədə yayılması qadağan olunan dini kitablar müsadirə olunmuşdu.

Dünən axşam hadisə yerinə milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubov gəliblər. Rəsmilər jurnalistlərə heç bir açıqlama verməyiblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti