...

Azərbaycanda Kür çayının bəndi yarması nəticəsində su basmış kəndlərin əhalisi təhlükəsiz yerlərə köçürülüb

Hadisə Materials 9 May 2010 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir M.Əliyev/

Şirvan şəhərinin (paytaxt Bakıdan 120 kilometr məsafədə) Bayramlı qəsəbəsində Kür çayının bəndi yarması nəticəsində Kür boyu ərazidə yaranmış mürəkkəb vəziyyət aradan qaldırılır.

Şirvan rayon İcra Hakimiyyətindən bazar günü Trend-ə bildiriblər ki, yaranmış vəziyyəti aradan qaldırmaq üçün 1200-dən artıq texnika, 5 minədək canlı qüvvə, həkim briqadaları cəlb olunub.

Şirvan şəhərinin Bayramlı qəsəbəsinin, Sabirabad rayonunun Qaragüney Dadaşbəyli kəndlərinin əhalisi təhlükəsiz yerlərə köçürülərək 4 minədək çadır qurulub. Vətəndaşların əmlakı və mal-qarasının daşınması da təşkil edilib. Sabirabad rayonunun daşqına məruz qalmaq ehtimal olan digər 7 kəndinin əhalisinin evakuasiyası da həyata keçirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin 100-dək iri texnikası ilə Kürün uçmuş bəndinin bərpasına səy göstərilir. Əraziyə ağır beton hissələri daşınır.
Daşqın nəticəsində Şirvan şəhərini Sabirabad rayonu ilə birləşdirən iki magistral su altında qalıb.

Bakı-Horadiz dəmir yolu xəttinin Şirvan-Osmanlı stansiyasında bir sıra rabitə-işarəvermə vasitələri sıradan çıxıbş, dəmir yolunun yatağı subasmaya məruz qalıb. Sözügedən əraziyə kifayət qədər inşaat materialı, digər zəruri avadanlıq və canlı qüvvə gətirilərək bərpa- bərkitmə tədbirlərinin icrasına başlanıb.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan cıxması nəticəsində qırx rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Xəbər lenti

Xəbər lenti