RED. əlavəsi: sonuncu abzasda yaralıların vəziyyəti haqqında məlumat əlavə olunub
Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində çərşənbə axşamı baş vermiş YNH zamanı yeddi nəfər yaralanıb. İçərisində Heydər Əliyev adına Dərin Özüllər Zavodunun fəhlələri olan avtobus zavodun ərazisində aşıb. Avtobusun sərnişinləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bu barədə Trendə Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev məlumat verib.
YNH-ə səbəb sürücünün avtobusu sürərkən idarəetməni itirməsi olub, nəticədə, avtobus binaya çırpılaraq aşıb. Yaralılar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılıblar.
Tibb müəssisəsinə doqquz nəfər yerləşdirilib. Onlardan altısı ilk tibbi yardım aldıqdan sonra evə buraxılıb, üç nəfər - Sahib Dadaşov, Ramin Musayev və Manaf Qədirov mərkəzin reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər. Bu barədə Trend-ə KTM-dən məlumat verilib. Hər üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.