Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda xarici markalı avtomobillərdən oğurluq edən qrup zərərsizləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin və 36-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində xarici markalı avtomobillərin şüşələrini sındırma yolu ilə oğurluğa cəhd və oğurluq etdiklərinə görə Bakı şəhər sakinləri Rəşid Məlikov, Elxan Alıməmmədov, Nicat Bağıyev, Elvin Musayev, Kamran Ələsgərov, Səkinə Talıbova və Qubadlı rayon sakini Rəxşan Məmmədov şübhəli şəxs qismində yaxalanıblar.
Məlum olub ki, onlar ötən ilin dekabr ayında X.Məmmədov küçəsində Fərid İsmayılova məxsus "VAZ-2107" markalı avtomobildən qapısının kilidini sındırmaqla maqnitafon oğurlayıblar.
Fevralın 2-nə keçən gecə Xətai rayonu ərazisində Əbülfət Səmədova, Salman Murquzova, Namiq Məmmədova, Fərid Həsənova, Ramin Orucova, Cavad Tacirliyə, Qabil Quliyevə, Alı Cabbarova, İlham Məmmədova və Hüseyn Verdiyevə məxsus "Mersedes", Rüstəm Səmədova məxsus "Mitsubishi", Əjdər Nəsirova məxsus "Hyundai-Sonata", Anar Əliyevə məxsus "Hyundai Tucson", Vüqar Bəşirova məxsus "Hyundai-Sonata", Rasəf Hüseynova məxsus "Tofaş", Nurməmməd Nurməmmədova məxsus "Kia Optima" markalı avtomobillərin şüşələrini sındırmaqla oğurluğa cəhd ediblər.
Elə həmin gün sözügedən rayon ərazisində Rəsul Əzizova, Zaur Cəbrayılova, Dolxan Bəşirova, Yaşar Əhmədova, Elçin Səmədova məxsus "Mersedes" markalı avtomobillərin şüşələrini sındırmaq yolu ilə mobil telefon, pul və digər əşyalar oğurlayıblar.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.