İndoneziya Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat verib ki, şənbə günü qəzaya uğrayan sərnişin təyyarəsi Xian MA60-ın göyərtəsində olan 25 sərnişindən və ekipaj üzvündən heç kim sağ qalmayıb. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi donanma zabitinə istinadən məlumat yayıb.
İndoneziyanın "Merpati" aviaşirkətinə məxsus Çin istehsalı olan Xian MA60 təyyarəsi İndoneziyanın şərqində eniş edən zaman dənizə düşüb. Təyyarə Qərbi Papua əyalətində Kaymana və Soronq şəhərləri arasında reys həyata keçirirmiş.
"Təyyarə dənizə düşdükdən sonra partlayıb", - zabit məlumat verib.
Digər məlumata görə, göyərtədə 27 nəfər olub.
"Bu, enmə-qalxma zolağının təxminən 500 metrliyində baş verib. Hadisə yerinə artıq balıqçıların qayıqları və axtarış-xilasedici komandalar gəlib", - Detik.com xəbərlər lenti portalına İndoneziya Nəqliyyat Nazirliyinin rəsmi nümayəndəsi Bambanq Ervan bildirib.
Qəzanın səbəbi hələ ki məlum deyil, lakin qəza rayonunda hava şəraitinin pis olduğu məlumdur.
Təxminən 1 il əvvəl göyərtəsində 103 sərnişinin olduğu həmin aviaşirkətə məxsus "Boeing 737-300" təyyarəsi Qərbi Papua vilayətində uçuş zolağından çıxaraq çaya düşmüş və iki yerə parçalanmışdı. Hadisə zamanı ölən olmasa da, 20 nəfər xəsarət almışdı.