...

İranda 30 azərbaycanlı saxlanılıb

Hadisə Materials 26 Avqust 2011 11:45 (UTC +04:00)
Ötən gün Təbrizin Qumtəpə məhəlləsində iftar süfrəsində iştirak edən bir qrup azərbaycanlı İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
İranda 30 azərbaycanlı saxlanılıb

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Ötən gün Təbrizin Qumtəpə məhəlləsində iftar süfrəsində iştirak edən bir qrup azərbaycanlı İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə Trend İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, təhlükəsizlik qüvvələri iftar zamanı mərasim iştirakçılarına hücum ediblər. Onlar 30 nəfəri həbs ediblər, bir neçə nəfəri isə yaralayıblar. Həbs olunan şəxslərin saxlanıldığı yer barədə məlumat yoxdur.

İftar mərasimində işitak edənlər şənbə günü Urmiya gölünün qurumasına görə etiraz mitinqi keçirməyi planlaşdırırmışlar.

Bu il aprel ayının 2-də keçirilən azərbaycanlıların Urmiya gölünün qurumasına görə etiraz aksiyasına polis müdaxilə etmişdi. Dinc aksiyaçıların 70-i həbs olunmuş və bir neçə nəfəri yaralanmışdı. Gölün qurumasına etiraz olaraq aksiya keçirən azərbaycanlıların hərəsi simvolik olaraq, gölə bir stəkan su tökmüş və "Biz çox gecikmişik", "Göldə su qalmayıb və hələ oyanmamışıq" kimi şüarlar səsləndirmişdilər.

İranın Azərbaycan əyalətindəki Urmiya gölü dünyanın ikinci ən duzlu gölüdür.

İran Göllərin Mühafizəsi Dövlət İdarəsinin direktoru Əli Nəzərdust bundan əvvəl bildirmişdi ki, İranın ən böyük gölü olan Urmiya gölünün 1/3 hissəsi quruyub. Onun sözlərinə görə, regionda su sədlərinin tikilməsi, qeyri-elmi layihələr, yağış qıtlığı və digər amillər Urmiya gölünün qurumasına səbəb olub.

Urmiya gölündə hazırda hər bir litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edilb. Bu gölün ərazisi 5 000 kvadratkilometr olub.

Xəbər lenti

Xəbər lenti