Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi həbs olunub.
Salyan Rayon Polis Şöbəsinin baş müstəntiqi Ramil Məhərrəmov Trend-ə bildirib ki, Xələcdəki 5 saylı müəssisənin sabiq rəisi Faiq Güləliyev dünən Bakıda Mərdəkan qəsəbəsində həbs olunaraq Salyana gətirilib.
Müstəntiqin sözlərinə görə, o, rəis işlədiyi müddətdə 2010-2011-ci illərdə vətəndaşları Ədliyyə Nazirliyində işə düzəltmək adı ilə aldadıb və onlardan külli miqdarda pul alaraq mənimsəyib.
Araşdırmalara görə, onun 5 nəfərdən 50 min manat məbləğində pul aldığı məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.
Müstəntiq bildirib ki, vətəndaşların şikayəti əsasında araşdırmalara başlanılıb. Onun əməllərindən zərər çəkmiş digər şəxslərin də olduğu ehtimal edilir.