Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ötən il Azərbaycanda yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 6816 çıxış edilib. Bu hadisələr zamanı 66 nəfər həlak olub, 120 nəfər xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-cu illə müqayisədə yanğından həlak olanların sayı 12 nəfər və ya 22 faiz, xəsarət alanların sayı isə 3 nəfər və ya 3 faiz çox olub.
Onlardan 1875-i çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar, 3473-ü açıq sahələrdə, 1-i meşə və meşə talalarında, 279-u nəqliyyat vasitələrində, 1188-i isə digər ərazilərdə olub.
Yaşayış binalarındakı yanğınlarda 46 nəfər ölüb, 72 nəfər xəsarət alıb, nəqliyyat vasitələrində isə 14 nəfər ölüb, 26 nəfər xəsarət alıb.